UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda bu gün keçiriləcək "Sabah" - "Borussiya" (Dortmund) oyunu Azərbaycan və Almaniya komandalarının avrokuboklarda 16-cı dueli olacaq.
"Report"un məlumatına görə, indiyədək ölkə təmsilçilərindən yalnız "Qarabağ" və "Qəbələ" bu ölkənin kollektivləri ilə üz-üzə gəlib.
"Qarabağ": 11 oyunda 1 qələbə
"Köhlən atlar" indiyədək UEFA turnirlərində bu ölkənin 5 klubu ilə qarşılaşıb. "Qarabağ" 11 matçın 8-də uduzub, 1-də qələbə qazanıb, 2 görüşdə heç-heçə qeydə alınıb.
Ağdam təmsilçisi UEFA Avropa Liqasının 2010/2011 mövsümünün pley-off mərhələsində Dortmund "Borussiya"sı ilə qarşılaşıb. Almaniyada rəqibinə 0:4, Bakıda 0:1 hesabı ilə məğlub olan "köhlən atlar" avrokuboklarla vidalaşıb.
Almaniya təmsilçisi ilə növbəti duel UEFA Avropa Liqasının 2013/2014 mövsümünə təsadüf edib. Turnirin pley-off mərhələsində "Ayntraxt" ilə üz-üzə gələn "Qarabağ" Bakıdakı ilk oyunda rəqibinə 0:2 hesabı ilə yenilib. Almaniyada keçirilən matç isə meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Qarabağ" UEFA Avropa Liqasının 2022/2023 mövsümünün qrup mərhələsində növbəti dəfə Almaniya təmsilçisi ilə qarşılaşıb. "Frayburq"a səfərdə uduzan (1:2) Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda gerçəkləşən matçdan bərabərliklə ayrılıb - 1:1.
Azərbaycan çempionu 2023/2024 mövsümündə "Bayer 04" ilə dörd dəfə qarşılaşıb. UEFA Avropa Liqasının qrup mərhələsində 1:5 və 0:1 hesabı ilə uduzan komanda eyni turnirin pley-offunda Bakıda heç-heçə (2:2) etsə də, səfərdə məğlubiyyətlə barışıb - 2:3.
"Qarabağ" cari ilin əvvəlində, UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun matçında isə "Ayntraxt" (Frankfurt) klubu ilə üz-üzə gəlib. Bakıdakı qarşılaşmada Azərbaycan təmsilçisi 3:2 hesablı qələbəyə sevinib.
"Qəbələ": 4 oyunda 4 məğlubiyyət
"Qırmızı-qaralar" 2015/2016 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsində Dortmund "Borussiya"sına rəqib olub. Bakıdakı görüşdə 1:3 hesabı ilə uduzan bölgə təmsilçisi səfərdə dörd cavabsız topla məğlub olub. "Qəbələ" növbəti mövsümdə də eyni turnirin qrup mərhələsinədək irəliləyib. Azərbaycan klubu bu dəfə Almaniyanın "Maynts 05" komandası ilə üz-üzə gəlib. Rəqib hər iki oyunda qalib gəlib - 3:2, 2:0.
Beləliklə, "Sabah" Almaniya təmsilçisi ilə qarşılaşacaq üçüncü Azərbaycan klubu olacaq.
Xatırladaq ki, "Sabah" - "Borussiya" oyunu bu gün, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.