UEFA Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunda İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə qarşılaşacaq "Beşiktaş" Gürcüstana səfər zamanı ciddi çətinliklə üzləşib.
QOL.az xəbər verir ki, İstanbul təmsilçisini daşıyan təyyarə əlverişsiz hava şəraiti və güclü turbulentlik səbəbindən Batumi hava limanına eniş edə bilməyib.
Bir müddət havada dövrə vuran və silkələnən təyyarə Türkiyənin Rizə şəhərinə istiqamətlənib. Buradan avtobusla yola düşən komanda Artvin vilayətindəki Sarp sərhəd-keçid məntəqəsindən Gürcüstana keçib.
"Beşiktaş"ın nümayəndə heyəti təxminən 8 saatlıq səfərdən sonra Batumidə qalacağı hotelə çatıb. Gecikmə səbəbindən komandanın baş məşqçisi Vinçentso İtalyanonun oyunöncəsi mətbuat konfransı da ləğv edilib.
"Beşiktaş"ın futbol direktoru Öndər Özən jurnalistlərə açıqlamasında təyyarədə yaşadıqları qorxulu anlardan danışıb:
"Pilot çox ağıllı qərar verdi və son anda eniş etməkdən vaz keçdi. Təhlükədən xilas olduq. Təxminən 8 saatlıq yol qət etdik. Əslində, bu, ev oyunumuzdur. İstirahət üçün vaxtımızın çox az olduğu doğrudur. İki günlük vaxt itkimiz var. Üstəlik, səfərə çıxmışıq və ağır yolçuluq keçirmişik.
Təyyarədə qorxduq. Təyyarədən qorxmadığımı düşünürdüm, amma mən də qorxdum. Hamımızın sevdiyi insanlar var. Çox güclü turbulentlik oldu. Bu, uzun müddət davam etdi. Panikaya düşənlər də var idi. Təbii ki, hamı qorxdu. Əvvəllər belə bir vəziyyət yaşamamışdım".
Xatırladaq ki, "Beşiktaş" - "Hapoel" matçı təhlükəsizlik səbəbindən Gürcüstanda keçirilir.