Oktyabrın 20-21-də Qırğız Respublikasının paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin gənclər və idmana məsul nazirlərinin 10-cu yubiley iclası, eləcə də məsul ekspertlərin 10-cu görüşü keçirilib.
Bu barədə "Report"a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İndira Hacıyeva ölkəmizdə bu sahədə həyata keçirilən işlər barədə məlumat verib.
İclasda Türk dünyası ölkələri arasında əlaqələrin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən layihələr, birgə təşəbbüslərin icrası və növbəti dövrdə görüləcək işlər müzakirə olunub. Çıxışlarda həmçinin "Bakı - 2026 İdman Paytaxtı" çərçivəsində Türk dünyasından olan gənclərin və atletlərin ölkəmizdə keçiriləcək tədbirlərdə fəal iştirakı xüsusi vurğulanıb.
Tədbir çərçivəsində İndira Hacıyeva Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev və Qırğız Respublikası Nazirlər Kabineti yanında Bədən Tərbiyəsi və İdman üzrə Dövlət Agentliyinin direktoru Urmat Asanbayevlə ikitərəfli görüşlər keçirib. Görüşlərdə gənclər və idman sahəsində əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.