Azərbaycanda həndbol çempionatının olmaması avrokuboklardakı nəticələrə təsir göstərir.
"Report"un Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu həndbol üzrə kişilərdən ibarət "Kür" komandasının baş məşqçisi Elnur Cahangirov jurnalistlərə açıqlamasında bildirib.
O, komandasının "MRK Sloga Doboj"a (Bosniya və Herseqovina) məğlub olduğu (30:32) EHF Avropa Kubokunun II təsnifat mərhələsinin cavab oyunundan sonra fikirlərini bölüşüb:
"Hazırda bizim daxili çempionatımız yoxdur. Medianın bu barədə məlumatı var ki, hazırda Azərbaycan Həndbol Federasiyasında vəziyyət bir o qədər ürəkaçan deyil. Çempionatımızın olmaması bu cür qarşılaşmalarda özünü göstərir. Çünki həndbol elə bir idman növüdür ki, daim rəqabət olmalı və biz başqa komandalarla oyunlar keçirməliyik. Bizi tənqid edə bilərlər ki, dünən 12, bu gün isə 2 top fərqi ilə uduzduq. Səbəb isə odur ki, bu bizim ilk oyunıarımız idi və komanda bir-birini yaxşı tanımırdı. Bu vəziyyət nəticəyə təsir göstərdi".
Xatırladaq ki, Azərbaycan klubu ilk qarşılaşmada da rəqibinə uduzub - 26:38.