Bakıda oktyabrın 22–25-də idman dırmanması üzrə Azərbaycan çempionatı keçiriləcək.
"Report" xəbər verir ki, yarış Azərbaycan Alpinizm Federasiyasının təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Climb Baku" İdman Dırmanma Mərkəzində təşkil olunacaq.
Çempionatda 16 yaş və daha yuxarı yaş qrupundan olan idmançılar çətinlik və bouldering növləri üzrə mübarizə aparacaqlar.
Yarışın proqramına əsasən, oktyabrın 22-də çətinlik növü üzrə təsnifat, oktyabrın 23-də isə final mərhələsi keçiriləcək. Oktyabrın 24-də bouldering növü üzrə təsnifat, 25-də isə final yarışları təşkil olunacaq.
Çempionatın keçirilməsində məqsəd Azərbaycanda idman dırmanmasının inkişafına töhfə vermək, idmançılar arasında rəqabəti gücləndirmək, onların peşəkar hazırlıq səviyyəsini yüksəltmək, milli komandanın formalaşdırılması üçün perspektivli idmançıları müəyyənləşdirmək və bu idman növünə marağı artırmaqdır.