Azərbaycan cüdoçuları Polşanın Krakov şəhərində keçirilən beynəlxalq turniri 11 medalla başa vurublar.
Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
İdmançılar 7 qızıl, 2 gümüş və 2 bürünc mükafat qazanıblar. Milli bu nəticə ilə yarışın komanda hesabında birinci yeri tutub.
Böyüklər arasında mübarizə aparan Balabəy Ağayev (66 kq) bütün rəqiblərinə qalib gələrək qızıl mükafata sahib çıxıb. U-16 yaş kateqoriyasında Aqil Nağıyev (55 kq), Hüseyn Şıxəliyev (66 kq) və Məhəmmədəli Mehdi (81 kq) də fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Daha əvvəl U-18 yaş kateqoriyasında yeniyetmə oğlanlardan ibarət yığma 3 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 7 medal əldə edib. Əli Abdullayev (60 kq), Hüseyn Şıxəliyev (66 kq) və Ömər Atayev (81 kq) qızıl, Dünyamalı Asdanlı (66 kq) və Ruslan Kazımov (+90 kq) gümüş, Rəvan Məmmədli (55 kq) və Əli Cəfərov (66 kq) isə bürünc medala yiyələniblər.