Bu gün baş tutacaq "Neftçi" İK-ya qarşı çempionluq matçından öncə "Araz-Naxçıvan" futzal klubunda əhval-ruhiyyə yüksək səviyyədədir.
Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Yevgeni Kukseviç deyib.
Rusiyalı mütəxəssis matçdan öncə komandadakı son durumu dəyərləndirib:
"Komandamızda əhval-ruhiyyə yüksək səviyyədədir. Başda mən olmaqla bütün kollektiv qələbəyə köklənib. Məqsədimiz ancaq lazımi nəticəni əldə etməkdir. Heyətdə ciddi itki yoxdur. Yalnız bir oyunçumuzun yüngül zədəsi var. Güman edirəm ki, matçın startına qədər o da sıralarımıza dönəcək. Digər futzalçıların hamısı qarşılaşmaya tam hazırdırlar. Gözəl bir oyun olsun və kim güclüdürsə, o da qalib gəlsin".
Qeyd edək ki, "Neftçi" İK – "Araz-Naxçıvan" görüşü bu gün, saat 19:00-da Bakı İdman Sarayında start götürəcək.