Yunanıstan basketbolunda danışılmış oyunlarla bağlı genişmiqyaslı istintaq çərçivəsində ölkənin Basketbol Federasiyasının prezidenti Vangelis Liolios da daxil olmaqla altı nəfər barəsində həbs qərarı çıxarılıb.
İdman.Biz xəbər verir ki, araşdırma 2026-cı ilin aprelində "Marussi" basketbol klubunun federasiyanın fəaliyyəti və prezidenti ilə bağlı şikayətindən sonra başlayıb. Daha sonra danışılmış oyunlarla əlaqədar səkkiz əlavə şikayət daxil olub.
İstintaq çərçivəsində son on ildə keçirilmiş 50 basketbol qarşılaşması araşdırılır. Şübhəli oyunlar məktəb yarışlarından ölkənin yüksək liqasınadək müxtəlif səviyyələri əhatə edir. Xaricdə keçirilmiş bir qarşılaşma da yoxlanılır.
İdman prokurorluğunun dindirdiyi şahidlərdən ikisi klub rəsmilərindən pul aldıqlarını etiraf edib. Məhkəmə mənbələrinin məlumatına görə, könüllü ifadə verdikləri üçün onlar cinayət məsuliyyətinə cəlb olunmayacaqlar.
Araşdırma zamanı əyalətdə yaşayan hakimlərdən birinin evində 800 min avro (təxminən 1,6 milyon manat) nağd pul aşkarlanıb. Bu məbləğin hakimin qanuni gəlirləri ilə izah olunmadığı bildirilir.