Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən "UFC 333" turnirinin əsas döyüşündə Aleksandr Volkanovski rusiyalı Movsar Evloyev üzərində qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, "Etihad Arena"da təşkil olunan yarışda yarımyüngül çəki dərəcəsi üzrə çempionluq kəməri uğrunda görüş avstraliyalı idmançının üstünlüyü ilə yekunlaşıb.
Volkanovski ikinci raundun dördüncü dəqiqəsinin 54-cü saniyəsində rəqibini texniki nokautla məğlub edərək titulunu qoruyub.
İlk raundda Evloyev güləş bacarıqları hesabına müqavimət göstərsə də, ikinci hissədə çempion üstünlüyü ələ alıb. Volkanovskinin sağ əllə endirdiyi dəqiq zərbədən sonra rusiyalı döyüşçü geri çəkilməyə məcbur olub. Hücumunu davam etdirən avstraliyalı rəqibini yerə yıxıb və ardıcıl zərbələrlə görüşü vaxtından əvvəl başa çatdırıb.
Bu nəticə ilə Evloyevin peşəkar MMA karyerasındakı 20 döyüşlük məğlubiyyətsiz seriyası sona çatıb.
38 yaşlı Volkanovski isə UFC-nin yarımyüngül çəki dərəcəsində titul döyüşlərində qazandığı qələbələrin sayına görə Joze Aldonu geridə qoyaraq yeni rekorda imza atıb.
Gecənin digər çempionluq qarşılaşmasında Pyotr Yan Merab Dvalişvilini hakimlərin yekdil qərarı ilə məğlub edib. Beş raund davam edən döyüşdə hər üç hakim 48:47 hesabı ilə Yanın üstünlüyünü qeydə alıb. Bununla rusiyalı idmançı ən yüngül çəki dərəcəsində çempionluq titulunu qoruyub.