Futbol üzrə Misli Premyer Liqasının doqquzuncu turunda "Zirə"nin qonağı olacaq "Sumqayıt"ın heyətində itkilər müəyyənləşib.
Bu barədə "kimyaçılar"ın mətbuat katibi Zaur Xudiyev İdman.Biz-ə məlumat verib.
O bildirib ki, "Sumqayıt"ın yarımmüdafiəçisi Səbuhi Abdullazadə, hücumçuları Rüstəm Əhmədzadə və Jeam Oliveyra qarşıdakı oyunda iştirak edə bilməyəcəklər.
"Cəzalı futbolçumuz yoxdur. Misli Premyer Liqasının yeddinci turunda "Qəbələ" ilə matçda zədələnən "Sumqayıt"ın futbolçuları Rüstəm Əhmədzadə iki, Jeam Oliveyra isə altı-səkkiz həftə ərzində kollektivdən ayrı düşəcək", - deyə o açıqlamasında bildirib.
Səbuhi Abdullazadənin də təxminən beş ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir. Yarımmüdafiəçi Misli Premyer Liqasının birinci turunda "Neftçi"yə qarşı keçirilən matçın 74-cü dəqiqəsində qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Daha sonra dəhlizdə əli ilə şüşəni sındıran futbolçunun ayağına böyük şüşə parçası düşüb və o, ciddi zədə alıb.
Qeyd edək ki, "Zirə" - "Sumqayıt" qarşılaşması oktyabrın 23-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Görüş saat 19:00-da başlayacaq. Hazırda "Zirə" 12 xalla turnir cədvəlinin altıncı, səkkiz xala malik "Sumqayıt" isə səkkizinci pilləsində qərarlaşıb.