Fiqurlu konkisürmə üzrə ikiqat olimpiya çempionu Yevgeni Plyuşenko Azərbaycan millisinin heyətində çıxış edən oğlu Aleksandrın ölkəmizə köçüb-köçməyəcəyi ilə bağlı suala cavab verib.
İdman.Biz RİA Novosti-yə istinadən xəbər verir ki, rusiyalı sabiq fiqurlu konkisürən oğlunun idman vətəndaşlığını dəyişməsinin ailənin yaşayış yerini dəyişəcəyi anlamına gəlmədiyini vurğulayıb.
"Özümü dünya insanı hesab edirəm və buna normal yanaşmaq lazımdır. Mən Rusiyada yaşayıram və heç yerə köçmək fikrim yoxdur. Oğlumun da belə bir planı yoxdur", - deyə Plyuşenko bildirib.
Qeyd edək ki, 13 yaşlı Aleksandr Plyuşenko 2026-cı ilin mayında Azərbaycanı təmsil etmək hüququ qazanıb. Beynəlxalq Konkisürmə İttifaqı (ISU) yay aylarında onun idman mənsubiyyətini dəyişməsinə icazə verib.
Gənc idmançı payızda Azərbaycan bayrağı altında iki beynəlxalq yarışda - Türkiyənin Ankara və Gürcüstanın Batumi şəhərlərində keçirilən yeniyetmələr arasında Qran-pri mərhələlərində iştirak edib.