top
Məğlubiyyət seriyasına son qoymağın vaxtıdır: “LANDAU Lions” və “Neftçi”ni üçüncü turda hansı rəqiblər gözləyir? - İDMAN.BİZ-in İCMALI Idman.biz
Bu gün, 16:01
- ↺ +

Məğlubiyyət seriyasına son qoymağın vaxtıdır: “LANDAU Lions” və “Neftçi”ni üçüncü turda hansı rəqiblər gözləyir? - İDMAN.BİZ-in İCMALI

Azərbaycanın basketbol klubları "LANDAU Lions" və "Neftçi" bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə üçüncü oyunlarına çıxacaqlar. Hər iki komanda səfərdə mübarizə aparacaq. Rəqibləri kifayət qədər güclü olsa da, qarşıdakı görüşlərə fərqli nəticələrlə hazırlaşırlar.

İdman.Biz xəbər verir ki, "Neftçi"nin rəqibi İsveçrənin "Fribourg Olympic" klubu turnirdə keçirdiyi ilk iki oyunda məğlub olub. "LANDAU Lions"la qarşılaşacaq Danimarkanın "Bakken Bears" komandası isə artıq ilk qələbəsini qazanıb.

Azərbaycan təmsilçiləri hələ ki, qələbə sevinci yaşaya bilməyiblər. G qrupunda çıxış edən "LANDAU Lions" qrup mərhələsinə İsveçrənin "Lions de Genève" klubuna evdə 83:105 hesablı məğlubiyyətlə başlayıb. Komanda ikinci görüşündə isə Slovakiyanın "Prievidza" kollektivinə 84:108 hesabı ilə uduzub.

H qrupunda mübarizə aparan "Neftçi" də uğursuz start götürüb. Bakı klubu əvvəlcə Yunanıstanın "Mykonos" komandasına 58:78 hesabı ilə məğlub olub. Daha sonra doğma meydanda Latviyanın Riqa şəhərini təmsil edən VEF klubuna 94:110 hesabı ilə uduzub.

Günün ilk oyunu: "Bakken Bears" - "LANDAU​ Lions" (Bakı vaxtı ilə saat 20:30)

FIBA Avropa Kubokunda ardıcıl iki ağır məğlubiyyət alan "LANDAU Lions" bu dəfə Danimarka basketbolunun ən titullu klublarından biri olan Orhus təmsilçisi "Bakken Bears"la qarşılaşacaq.

Danimarka klubunun hesabında 24 çempionluq titulu var. Komanda 2026-cı ilin mayında "Team FOG Næstved"i final seriyasında 3:1 hesabı ilə məğlub edərək ardıcıl 10-cu dəfə ölkə çempionu olub. Maraqlıdır ki, finalın ilk görüşündə məğlub olan "ayılar" sonradan təşəbbüsü ələ alaraq ardıcıl üç qələbə qazanıblar.

"Bakken Bears"ın Avropa arenasındakı nəticələri də diqqətəlayiqdir. Orhus təmsilçisi FIBA Avropa Kubokunda 2018, 2020 və 2022-ci illərdə üç dəfə yarımfinala yüksəlib. Danimarkalılar hələ finala vəsiqə qazana bilməsələr də, turnirdə ən çox qələbə qazanan klublar sırasındadırlar.

2026-cı ilin sentyabrına olan məlumata görə, komandanın FIBA Avropa Kubokunda 52 qələbəsi var. Bu göstərici Rumıniyanın "Oradea" klubunun nəticəsindən (50 qələbə) yüksəkdir. Bundan başqa, "Bakken Bears" 2022/2023 mövsümündə Basketbol Çempionlar Liqasının ən yaxşı 16 komandası sırasına düşməyi bacarıb.

Bununla belə, ötən mövsüm Avropa Kubokunda komanda üçün uğurlu alınmayıb. "Bakken Bears" H qrupunda iki qələbə və dörd məğlubiyyətlə üçüncü yeri tutaraq növbəti mərhələyə yüksələ bilməyib. Buna baxmayaraq, danimarkalılar bir neçə yaddaqalan nəticəyə imza atıblar. Onlar sonradan qrupda birinci yeri tutan İspaniyanın "Zaragoza" klubunu 90:78 hesabı ilə məğlub edib, Kiprdə isə "Anorthosis" üzərində 100:61 hesablı qələbə qazanıblar.

"Bakken Bears" cari mövsümə "LANDAU Lions" kimi Basketbol Çempionlar Liqasının təsnifat mərhələsində başlayıb. Danimarkalılar əvvəlcə Niderlandın "Landstede Hammers" komandasını 89:78 hesabı ilə üstələyiblər. Lakin iki gün sonra Finlandiyanın "Salon Vilpas" klubuna 72:90 hesabı ilə uduzublar.

FIBA Avropa Kubokunda isə komandanı çətin sınaq gözləyib. Danimarkalılar ilk oyunda Portuqaliyanın "Benfica" klubuna 81:91 hesabı ilə məğlub olublar. İkinci qarşılaşmada isə "Lions de Geneve" üzərində 78:73 hesablı qələbə qazanaraq qrup mərhələsində ilk xallarını əldə ediblər.

Bununla belə, qələbə asan başa gəlməyib. "Bakken Bears" ikinci periodda rəqibinə 10:22 hesabı ilə uduzub. Fasilədən sonra isə təşəbbüsü ələ alaraq üçüncü periodu 26:12 hesabı ilə qazanıb və oyunun gedişini dəyişməyi bacarıb.

Danimarka çempionatında isə komanda daha inamlı təsir bağışlayır. "Bakken Bears" keçirdiyi beş oyunun hamısında qalib gəlib. Komanda hər matçda orta hesabla 105,8 xal toplayır.

Danimarka klubunun bir neçə basketbolçusu artıq Avropa Kubokunda fərqlənməyi bacarıb. Amerikalı oyunqurucu Mayls Kori "Benfica" ilə ilk görüşdə 18 xal toplayıb və beş məhsuldar ötürmə edib. "Lions de Genève" ilə qarşılaşmada isə onun hesabında daha 16 xal olub.

Komandanın digər diqqətçəkən oyunçusu fransalı hücumçu Cahi Binedir. O, səbətaltı mübarizədə effektiv çıxışı ilə seçilir. Bine "Benfica" ilə oyunda 15 xal və 12 ribaund, İsveçrə təmsilçisinə qarşı isə 13 xal və 13 ribaundla yadda qalıb. Beləliklə, basketbolçu ardıcıl iki görüşdə "dabl-dabl" edib.

Silvestr Pedersen də xüsusi qeyd olunmalıdır. O, "Lions de Genève" ilə matçda 13 xal, doqquz ribaund və dörd məhsuldar ötürmə ilə çıxış edib. Niderlandlı mərkəz oyunçusu Şakil Rombli isə "Benfica" ilə qarşılaşmada 14 xal və 13 ribaund toplayıb.

"Bakken Bears" tarixində beynəlxalq arenada da iz qoymuş bir sıra məhsuldar hücumçular çıxış edib. Belə basketbolçulardan ikisi – Mişel Diuf və Darko Yukiç FIBA Avropa Kubokunun bütün dövrlər üzrə ən məhsuldar oyunçuları sırasında ilk üçlükdə yer alırlar. Hazırda onların hesabında müvafiq olaraq 995 və 938 xal var.

Günün ikinci oyunu: "Fribourg Olympic" - "Neftçi" (Bakı vaxtı ilə saat 22:00)

Danimarka klubundan fərqli olaraq, "Neftçi"nin rəqibi FIBA Avropa Kubokunun cari mövsümündə hələ qələbə qazana bilməyib. Bununla belə, "Fribourg Olympic" İsveçrənin ən titullu basketbol klublarından biridir və ölkə daxilindəki uğurları ilə seçilir.

2025/2026 mövsümündə komanda İsveçrə çempionatının, ölkə kubokunun və İsveçrə Basketbol Liqasının (SBL Cup) qalibi olub. Xüsusilə çempionluq uğrunda mübarizə prinsipial xarakter daşıyıb. "Fribourg" bir il əvvəl final seriyasında "Lions de Genève"yə 1:3 hesabı ilə uduzsa da, növbəti mövsüm eyni hesabla qalib gələrək revanş alıb və çempionluq titulunu geri qaytarıb.

Beynəlxalq arenada isə İsveçrə klubunun nəticələri nisbətən təvazökardır. "Fribourg" 2018/2019 mövsümündə FIBA Basketbol Çempionlar Liqasının qrup mərhələsində iştirak edib və 14 oyunda üç qələbə qazanıb.

2024/2025 mövsümündə komanda FIBA Avropa Kubokunun 1/4 finalına qədər irəliləyib. Yunanıstanın PAOK klubu ilə qarşılaşmada doğma meydanda 62:62 hesablı heç-heçə qeydə alınıb, səfərdə isə İsveçrə təmsilçisi 76:82 hesabı ilə məğlub olub.

Ötən mövsüm avrokuboklarda mübarizə daha tez başa çatıb. 2025/2026 mövsümündə "Fribourg" Basketbol Çempionlar Liqasının yalnız təsnifat mərhələsində iştirak edib. Komanda 2025-ci ilin sentyabrında Fransanın "Élan Chalon" klubuna 80:107 hesabı ilə uduzub. Bundan sonra da FIBA Avropa Kubokunun qrup mərhələsinə yüksəlmək imkanından yararlana bilməyib.

2026/2027 mövsümünün başlanğıcı da İsveçrə təmsilçisi üçün uğurlu olmayıb. Basketbol Çempionlar Liqasının təsnifat mərhələsində Gürcüstanın "Batumi" klubuna 85:86 hesabı ilə məğlub olan "Fribourg" mübarizəsini FIBA Avropa Kubokunda davam etdirib. Lakin burada da ardıcıl iki məğlubiyyət alıb: əvvəlcə Rumıniyanın "Oradea" komandasına 67:93, daha sonra Yunanıstanın "Mykonos" klubuna 65:80 hesabı ilə uduzub.

"Mykonos"la qarşılaşmada məğlubiyyət xüsusilə üzücü olub. İsveçrəlilər ilk periodu qalib başa vurublar və ümumilikdə 21 dəqiqədən çox hesabda öndə olublar. Lakin həlledici periodda 13:24 hesabı ilə uduzaraq üstünlüyü qoruya bilməyiblər.

Nəticədə iki turdan sonra "Fribourg" H qrupunda sonuncu yerdə qərarlaşıb. Komandanın qələbəsi yoxdur və topladığı xallarla buraxdığı xallar arasındakı fərq mənfi 41-dir. Bu, qrupun ən zəif göstəricisidir.

İsveçrə çempionatında isə vəziyyət fərqlidir. Beş turdan sonra dörd qələbə və bir məğlubiyyət qazanan "Fribourg" 10 komanda arasında üçüncü yeri tutur. Son matçında klub "Grasshopper Zürich"i 89:43 hesabı ilə darmadağın edib. Bundan bir həftə əvvəl isə "Lugano" ilə qarşılaşmada 116:80 hesablı qələbə qazanaraq yüksək məhsuldarlıq nümayiş etdirib.

"Fribourg"un heyətində "Neftçi"nin xüsusi diqqət yetirməli olduğu bir neçə basketbolçu var. Onların ən tanınmışı fransalı Adrien Moermandır. 38 yaşlı basketbolçu Türkiyənin "Anadolu Efes" klubunun heyətində 2021 və 2022-ci illərdə iki dəfə Avroliqanın qalibi olub. O, həmçinin "Barcelona" və "Monaco" komandalarında çıxış edib.

Moerman FIBA Avropa Kubokunun cari mövsümündə hər oyunda orta hesabla 9,5 xal toplayır, səkkiz ribaund edir və üç məhsuldar ötürmə verir.

Fransalı hücumçunun komandaya cəlb olunması "Fribourg"un kapitanı Natan Yurkovitsin zədələnməsi ilə bağlıdır. Basketbolçu 3x3 basketbolu üzrə Avropa çempionatında iştirak edərkən qolunun sınığı ilə üzləşib. Onu əvəzləmək üçün kluba dəvət olunan Moermanla cəmi üç aylıq – 2026-cı il dekabrın 23-dək müqavilə imzalanıb.

Avrokuboklarda özünü göstərməyi bacaran digər oyunçu İsveçrə millisinin müdafiəçisi Boris Mbaladır. O, oktyabrın 13-də "Mykonos"la görüşdə 21 xal toplayıb və yeddi üçxallıq atışdan beşini dəqiq yerinə yetirib. Bununla belə, "Oradea" ilə ilk oyunda onun hesabında xal olmayıb.

Komandanın heyətində rəqibə problem yarada biləcək başqa basketbolçular da var. Baham adalarını təmsil edən müdafiəçi Deyton Olberi "Batumi" ilə Basketbol Çempionlar Liqasının təsnifat oyununda 22 xal toplayıb. Boyu 214 santimetr olan fransalı mərkəz oyunçusu İzan Le Me isə həmin görüşü 15 xal və 14 ribaundla başa vurub.

"Neftçi" yalnız rəqibin fərdi ustalığını deyil, doğma meydan amilini də nəzərə almalıdır. "Fribourg Olympic" avrokuboklardakı ev oyunlarını ənənəvi olaraq "Saint-Léonard" arenasında keçirir. İsveçrə klubunun "Mykonos"la əvvəlki ev oyununu 900 azarkeş tribunadan izləyib.

Beləliklə, qarşıdakı oyunlar hər iki Azərbaycan klubuna məğlubiyyətlər seriyasını dayandırmaq imkanı verir. "Neftçi" "Fribourg"un FIBA Avropa Kubokundakı uğursuz çıxışından yararlanmağa çalışacaq. "LANDAU Lions"u isə Danimarkanın ən titullu klublarından biri ilə çətin sınaq gözləyir.

Azərbaycan təmsilçilərinin avrokuboklardakı sınaqları bununla da bitməyəcək. Növbəti turlarda "LANDAU Lions" Portuqaliyanın "Benfica" və Türkiyənin "Yukatel Denizli Basket" klubları ilə qarşılaşacaq. "Neftçi"ni isə Rumıniyanın "Oradea" və Bolqarıstanın "Lokomotiv" komandaları ilə oyunlar gözləyir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:10

Cahangir Həsənzadə: U-15 dünya çempionatı uşaqlar futboluna böyük təsir göstərəcək

Futbol
Bu gün, 17:01

Barselona’da yeni itki: Dani Olmo “El Clásico”da iştirak etməyəcək

Qarabağ FK
Bu gün, 16:46

“Borussiya Dortmund” “Sabah”la qarşılaşmadan sonra Bakıda məşq etdi - FOTO

Futbol
Bu gün, 16:35

AFFA Hakimlər Komitəsi sədri Rəhim Həsənov Premyer Liqa oyunlarındakı mübahisəli epizodları şərh etdi

Qarabağ FK
Bu gün, 16:31

Nəriman Axundzadə: “Azərbaycana qayıtmağı düşünmürəm”

Digər
Bu gün, 16:30

Rəhim Həsənov hakimlərin qərarlarını şərh etdi - VİDEO

Digər
Bu gün, 16:16

“Karvan-Yevlax”ın qapıçısı hədəfini açıqladı

Futbol
Bu gün, 16:00

Asif Məmmədov: "Nəticə olmadıqda heç nənin dadı gəlmir"," text is about a 40-year-old captain discussing physical challenges, team struggles, and upcoming matches without mentioning any injury or withdrawal."

Digər
Bu gün, 15:46

Niko Uilyams İngiltərə Premyer Liqasında oynamaq istəyir

Digər
Bu gün, 15:29

Mourinyo Arda Güleri elə təriflədi ki

Digər
Bu gün, 15:20

Azərbaycan millisi Hövsan Yarış Kompleksində ilk məşqinə çıxıb

Qarabağ FK
Bu gün, 15:20

Neftçi-2 vs Sabah-2 oyununun təyinatı açıqlanıb

Futbol
Bu gün, 15:01

Türkiyə mətbuatı "Fənərbağça"nın "Sabah"ın başa çıxmağına uduzmasının səbəbini irəli sürərək klub tənqid edir

Gimnastika
Bu gün, 14:56

10‑cü və 22‑ci ölkə birincilikləri batut gimnastikası və tamblinq üzrə keçirilir

Digər
Bu gün, 14:41

Muxtorxon Taşxocayev Azərbaycan Milli Paralimpiya Komitəsini təbrik edib

Digər
Bu gün, 14:30

PSJ-də ciddi itkilər: Kvaratsxeliya mövsümü bitirə, Dembele isə həftələrlə oynamaya bilər

Qarabağ FK
Bu gün, 14:20

Pokatilov: "Sabah"ın "Borussiya"ya qarşı debütündə sərgilədiyi futboldan məmnunam, amma səviyyə fərqlidir

Qarabağ FK
Bu gün, 14:16

Velko Simiç: “Çox güclü komandaya qarşı mübarizə apara biləcəyimizi göstərdik” - MÜSAHİBƏ

Futbol
Bu gün, 14:01

Türkiyəli futbol hakimi Ahmet Çakar Azərbaycana girişi qadağan edildi

Tennis
Bu gün, 13:53

Məşhur tennisçi Mariya Şarapova Bakıda INMerge İnnovasiya Sammitində iştirak edəcək

Digər
Bu gün, 13:39

Özbəkistan mətbuatı “Sabah”ın futbolçusuna diqqət ayırdı

Digər
Bu gün, 13:24

PSJ-nin futbolçusu Kvaratsxeliyanın dizində ön çarpaz bağları qopub

Qarabağ FK
Bu gün, 13:24

Abdulax Xaybulaev: “Yaxşı oynayıb qələbə qazana biləcəyimizə inanırdıq” - MÜSAHİBƏ

Oxşar xəbərlər