İngilis hücumçu turnirdə 58-ci qolunu vuraraq Tomas Mülleri keçib
"Bavariya"nın hücumçusu Harri Keyn Çempionlar Liqasında tarixi zirvələri fəth etməyə davam edir.
Lent.az-ın xəbərinə görə, 33 yaşlı futbolçu üçüncü turda "Arsenal"a (2-2) qarşı oyunda qol vuraraq turnirin bütün zamanların ən yaxşı bombardirləri arasında səkkizinci yerə yüksəlib.
Keyn Münhendəki oyunun əsas qəhrəmanlarından biri olub. 35-ci dəqiqədə o, hesabı bərabərləşdirən Alfonso Devisə məhsuldar ötürmə edib. 61-ci dəqiqədə isə ingilis penaltidən dəqiq zərbə endirərək ev sahiblərinə üstünlük qazandırıb. Lakin "Bavariya" qələbəni qoruya bilməyib - Deklan Raysın 82-ci dəqiqədəki qolu hesabı 2-2 edib.
Bu, Keynin Çempionlar Liqasında vurduğu 58-ci qol olub. O, uzun illərdir 57 qolla "Bavariya"nın lideri olan Tomas Mülleri geridə qoyub və bütün zamanların siyahısında səkkizinci yeri tutub.
Maraqlıdır ki, Keyn "Tottenhem"də olarkən Avropanın ən nüfuzlu yarışında 21 qol vurub və 2023-cü ildə "Bavariya"ya keçdikdən sonra daha 37 qol vurub. Beləliklə, ingilis alman klubu üçün Çempionlar Liqasındakı qollarının təxminən üçdə ikisini vurub.
Hazırda karyerasını davam etdirən oyunçular arasında Keyndən yalnız Robert Levandovski (109 qol), Kilian Mbappe (72) və Erlinq Haaland (61) irəlidədir.
Kriştiano Ronaldo 140 qolla bütün zamanların Çempionlar Liqası rekordçusu olaraq qalır. Lionel Messi ikinci (129), Levandovski üçüncü (109) və Kərim Benzema dördüncüdür (90). İlk yeddiliyə həmçinin Mbappe, Raul (71) və Haaland daxildir.