"Hər komandayla olduğu kimi, "Gəncəbasar"la oyuna da ciddi hazırlaşmışdıq və meydana qələbə qazanmaq üçün çıxmışdıq. Rəqib güclü idi, ardıcıl dörd oyunda qələbə qazanmışdılar. Amma bizim də hədəfimiz çempionluqdur və hər matça üç xal üçün çıxırıq".
Bu sözləri Birinci Liqanın beşinci turunda "Gəncəbasar"ı 2:1 hesabı ilə məğlub edən "Karvan-Yevlax"ın qapıçısı Orxan Sadıqlı deyib.
Təcrübəli qolkiper həm geridə qalan qələbə qarşılaşmasını şərh edib, həm də növbəti turda səfərdə MOİK-ə karşı keçiriləcək vacib duel öncəsi komandanın hədəflərini diqqətə çatdırıb.
"Şükürlər olsun, qələbə qazandıq və bizi dəstəkləməyə gələn azarkeşlərimizə sevinc yaşatdıq. MOİK-lə oyuna da eyni ciddiyətlə hazırlaşırıq. MOİK də güclü rəqibdir, heyətində yaxşı futbolçular var, ancaq biz bu qarşılaşmanın mahiyyətini bilirik. Hədəf çempionluqdur və bu görüşdə də 3 xal qazanmağı hədəfləmişik", - deyə o fanat.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək MOİK - "Karvan-Yevlax" görüşünün start fiti saat 15:00-da səsləndiriləcək. MOİK 10 xalla turnir cədvəlinin dördüncü pilləsində yer alıb. Beş xala malik "Karvan-Yevlax" isə beşincidir.