Rusiyalı keçmiş MMA döyüşçüsü Fyodor Yemelyanenko UFC rəhbəri Dana Uaytın vaxtilə onun karyerasını təhlükə altına atmağa çalışdığını iddia edib.
İdman.Biz xəbər verir ki, 50 yaşlı sabiq idmançı UFC ilə aparılan danışıqlar və Uaytla şəxsi görüşü barədə danışıb.
Yemelyanenkonun sözlərinə görə, görüş 2009-cu ildə Bret Rocerslə "Strikeforce" təşkilatında keçirdiyi döyüşdən sonra baş tutub. Həmin vaxt UFC rəhbəri onunla müqavilə bağlamaqda maraqlı olduğunu göstərsə də, döyüşçü bu təklifin səmimiliyinə inanmayıb.
"Azad agent olduğum vaxt mənə maraq göstərmirdilər. Müqaviləm olanda isə dərhal təkliflər gəlirdi. Halbuki başqa təşkilatla müqavilə bağlasaydım, məhkəmə çəkişmələri başlayacaqdı və ABŞ-də döyüşmək imkanımı itirəcəkdim", - deyə Yemelyanenko bildirib.
Rusiyalı döyüşçü görüşün meneceri Vadim Finkelşteynin təşəbbüsü ilə keçirildiyini və danışıqlarda hüquqşünasların da iştirak etdiyini açıqlayıb.
Onun fikrincə, UFC rəhbərliyinin məqsədi onu "Strikeforce"la hüquqi mübahisəyə cəlb etmək olub:
"Dana Uaytdan məhkəmə xərclərini ödəməyə hazır olub-olmadığını soruşduq. Mənim "Strikeforce"dan ayrılmayacağım aydın idi. Açığı, görüşün məqsədini başa düşmədim. Düşünürəm ki, məni sadəcə sıxışdırmaq istəyirdilər. UFC ilə müqavilə bağlasaydım, "Strikeforce" məni məhkəməyə verəcəkdi və nəticədə heç bir təşkilatda döyüşə bilməyəcəkdim".
Yemelyanenko Uaytın görüş zamanı aqressiv davranmadığını, əksinə, onun UFC-də çıxış etməsini istədiyini də vurğulayıb. Bununla belə, döyüşçü amerikalı funksionerin biznes prinsiplərini qəbul etmədiyini bildirib.
"Dana indi gah məni UFC-də görmək istədiyini, gah istəmədiyini deyir. Bəzən müqavilə bağlamadığına peşman olduğunu, bəzən isə buna sevindiyini bildirir. Sözünün arxasında dayanmır. Onun biznes aparmaq üsulu mənə yaxın deyil. Kim onu əfsanə hesab edirsə, etsin. Mən belə düşünmürəm", - deyə Yemelyanenko əlavə edib.
Qeyd edək ki, Fyodor Yemelyanenko karyerası ərzində UFC-də çıxış etməyib. O, "Pride", "Strikeforce", "Bellator" və digər təşkilatlarda döyüşüb. Rusiyalı idmançı peşəkar MMA karyerasını 2023-cü ildə başa vurub.