"Bavariya"nın sabiq futbolçusu Hans Dorfner keçmiş komanda yoldaşı, hazırda "Barselona"nı çalışdıran Hans-Diter Flikin məşqçilik keyfiyyətlərini dəyərləndirib.
İdman.Biz Tribuna.com-a istinadən xəbər verir ki, Dorfner Flikin futbol sahəsində biliklərinin ən yüksək səviyyədə olmadığını, lakin insanlarla işləmək bacarığı ilə seçildiyini söyləyib.
"Hans-Diter Flik də futbolun ən böyük mütəxəssisi deyil. Onu yaxşı tanıyıram, çox mehriban münasibətlərimiz var. Onu incitmək istəmirəm, amma bu sahədə daha dərin biliklərə malik olan başqa mütəxəssislər də var. Bununla belə, o, insanlarla çox yaxşı işləyir, futbolçularla ünsiyyət qurmağı və onlarla necə davranmağı bilir", - deyə Dorfner bildirib.
Qeyd edək ki, Dorfner və Flik 1986-1990-cı illərdə "Bavariya"da birlikdə çıxış ediblər. Bu müddətdə onlar iki dəfə Bundesliqanın, bir dəfə isə Almaniya Superkubokunun qalibi olublar. Həmçinin 1987-ci ildə Avropa Çempionlar Kubokunun finalına yüksəlsələr də, "Portu"ya məğlub olublar.