Beynəlxalq Futbol Federasiyası (FIFA) Azərbaycanda futbolun inkişafına dair geniş material dərc edərək idman infrastrukturunun maliyyələşdirilməsi, gənc futbolçuların hazırlanması və müasir texnologiyaların tətbiqi ilə bağlı məlumatları açıqlayıb.
Idman.Biz FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 2016-cı ildən etibarən FIFA Forward proqramı çərçivəsində Azərbaycan üçün ümumilikdə 17,9 milyon dollar həcmində maliyyələşdirmə təsdiqlənib.
O cümlədən 2016–2022-ci illərdə təsdiqlənmiş vəsaitin həcmi 9,9 milyon dollar təşkil edib. Bunun 6,2 milyon dolları futbol infrastrukturunun inkişafına yönəldilib.
FIFA-nın dəstəyi ilə Gəncə şəhər stadionunun yenidən qurulması, Sumqayıt şəhər stadionunda iki, Bakı Olimpiya Stadionunda isə bir təbii örtüklü meydançanın salınması layihələri həyata keçirilib.
2022-ci ilin avqustunda Azərbaycan Premyer Liqasında və ölkə kubokunda VAR sisteminin tətbiqinə 480 min dollar ayrılıb. Layihə çərçivəsində Bakıda üç videoəməliyyat otağı və bir mobil otaq yaradılıb. Bu infrastruktur eyni vaxtda dörd matça xidmət göstərməyə imkan verir.
FIFA-nın materialında digər infrastruktur layihələrinə də yer ayrılıb:
- 745 min dollar — 2023-cü ildə Gəncədə futbol akademiyasının tikintisi;
- 275 min dollar — 2023–2024-cü illərdə Ağsu stadionunun yenidən qurulması;
- 194 651 dollar — 2024-cü ildə Dalğa Arena Məşq Mərkəzinin yenidən qurulması;
- 1 089 962 dollar — 2023–2024-cü illərdə Dalğa, Binə və Ağsu stadionlarında üç süni örtüklü meydançanın örtüyünün dəyişdirilməsi;
- 146 634 dollar — 2025-ci ildə Milli Təlim-Məşq Mərkəzində əlavə təmir işləri.
Beynəlxalq federasiya "Turan Tovuz" Futbol Akademiyasına xüsusi diqqət ayırıb. FIFA Forward proqramı çərçivəsində bu layihəyə 1,1 milyon dollar vəsait yönəldilib. Layihə FIFA, UEFA və AFFA-nın dəstəyi ilə həyata keçirilib.
Kompleksə biri qapalı olmaqla dörd mini-meydança, yaşayış və yemək sahələri, tibbi infrastruktur, trenajor zalı, sauna və iclas otağı daxildir. Bundan başqa, yaxınlıqda yerləşən Tovuz şəhər stadionu da yenilənərək müasirləşdirilib.
FIFA Azərbaycan futbolunda rəqəmsal texnologiyaların tətbiqindən də bəhs edib. 2025-ci ildə səkkiz stadionda videoanaliz üçün 48 kamera quraşdırılıb, istedadlı futbolçuların müəyyənləşdirilməsi məqsədilə mərkəzləşdirilmiş məlumat bazası yaradılıb.
2026-cı ildə isə maliyyə dəstəyi yeddi gənclər liqasında 1300 oyunu əhatə etməsi nəzərdə tutulan skautinq və futbolçuların izlənməsi platformasının tətbiqinə yönəldilir.
Əməkdaşlığın digər istiqaməti FIFA Arena proqramıdır. Azərbaycan 2025-ci ilin sentyabrında bu layihəni tamamlayan ilk 11 ölkə sırasında yer alıb. İki məktəbin ərazisində 6000-dən çox şagirdin istifadəsi üçün futbol meydançaları inşa edilib.
FIFA oktyabrın 24-dən 30-dək Azərbaycanda keçiriləcək 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalına da geniş yer ayırıb.
Yarışda 189 milli futbol assosiasiyasını təmsil edən təxminən 3000 uşaq iştirak edəcək. Oyunların böyük hissəsi Hövsanda xüsusi olaraq inşa edilmiş idman kompleksində keçiriləcək. Turnir oktyabrın 24-də Crystal Hall-da təşkil olunacaq açılış mərasimindən sonra Azərbaycan və Şərqi Timor yığmalarının oyunu ilə start götürəcək.
AFFA prezidenti Rövşən Nəcəf yeni yaradılan infrastrukturun yarış başa çatdıqdan sonra da yerli futbol akademiyaları və klublar üçün imkanlar yaradacağını bildirib.
FIFA-nın Qlobal Futbolun İnkişafı Departamentinin rəhbəri Arsen Venger isə gənc futbolçuların yaşadıqları ölkədən asılı olmayaraq beynəlxalq yarış təcrübəsi qazanmasının vacibliyini vurğulayıb.
Beynəlxalq federasiya Azərbaycanın 2024 və 2026-cı illərdə FIFA Series oyunlarına ev sahibliyi etdiyini də xatırladıb. Ölkəmiz 2027-ci ildə isə Özbəkistanla birlikdə 20 yaşadək futbolçular arasında dünya çempionatını təşkil edəcək.
FIFA bu turnirləri futbol infrastrukturuna yatırılan vəsait və gənc oyunçuların inkişafı ilə birlikdə Azərbaycan futbolunun uzunmüddətli inkişaf strategiyasının bir-biri ilə əlaqəli mərhələləri kimi qiymətləndirir.