Dortmund "Borussiya"sı UEFA Çempionlar Liqasında "Sabah"la keçirəcəyi oyun üçün Bakıya yola düşməzdən əvvəl gözlənilməz çətinliklə üzləşib.
İdman.Biz Almaniyanın "Bild" nəşrinə istinadən xəbər verir ki, uçuş səhəri təyyarənin əvvəlcədən nəzərdə tutulan baqajla birlikdə fasiləsiz reys üçün həddindən artıq ağır olacağı müəyyənləşib.
Yanacaq doldurmaq məqsədilə aralıq enişin qarşısını almaq üçün klub təcili olaraq logistika planını dəyişib. Baqajın bir hissəsi sponsorların və jurnalistlərin Bakıya yollandığı daha erkən reysə yönləndirilib.
Bununla yanaşı, futbolçular üçün xüsusi olaraq daha geniş və rahat təyyarə seçilib. Klub rəhbərliyi təxminən beş saat davam edən uçuş zamanı oyunçuların mümkün qədər komfortlu şəraitdə səyahət etməsini təmin etməyə çalışıb.
Bu tədbirlər Dortmund təmsilçisinin sıx oyun və səfər qrafiki ilə əlaqədardır. Komanda qısa müddət ərzində Norveç, Berlin və Azərbaycana səfər etməli olub.
Xatırladaq ki, daha əvvəl "Borussiya"nın təyyarəsinin yanacaq ehtiyatının məhdud olması səbəbindən aralıq eniş edə biləcəyi bildirilmişdi. Lakin baqajın yenidən bölüşdürülməsi sayəsində bu ehtiyac aradan qaldırılıb.
"Sabah" - "Borussiya" qarşılaşması oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək. Matç saat 20:45-də başlayacaq.