Dortmundun "Borussiya" futbol klubu "Sabah"la Çempionlar Liqasının oyunu ərəfəsində Bakı Olimpiya Stadionunun adı ilə bağlı ironik paylaşım edib.
İdman.Biz xəbər verir ki, Almaniya klubunun rəsmi "Instagram" hesabında stadionda keçirilən məşqdən görüntülərin yer aldığı video yayımlanıb. Videoda bu sözlər yazılıb: "Biz sadəcə buranı Olimpiya stadionu adlandırırıq, halbuki burada heç vaxt Olimpiya Oyunları keçirilməyib. Onlar heç nəyin fərqinə varmayacaqlar".
Paylaşımın açıqlamasında da ironik ifadəyə yer verilib: "Deyəsən, burada ağıllı insanlar var".
Lakin videonun müəllifləri stadionun tarixi ilə bağlı mühüm bir faktı nəzərdən qaçırıblar. UEFA-nın rəsmi saytında qeyd olunduğu kimi, Bakı Olimpiya Stadionu 2015-ci ildə keçirilən ilk Avropa Oyunları üçün inşa edilib. Buna görə də arenanın adını idman tarixi ilə əlaqəsi olmayan bir məqam kimi təqdim etmək düzgün deyil.
Məhz bu stadionda "Bakı-2015"in açılış və bağlanış mərasimləri keçirilib. Mərasimlər müvafiq olaraq iyunun 12-də və 28-də baş tutub. Avropa Olimpiya Komitələrinin təşkilatçılığı ilə keçirilən yarışda 50 ölkədən idmançılar iştirak ediblər.
Əlbəttə, Avropa Oyunları ilə Olimpiya Oyunları fərqli yarışlardır və Bakıda Olimpiya Oyunlarının keçirilmədiyi fikri doğrudur. Bununla belə, Dortmund təmsilçisinin zarafatında vacib məqam nəzərdən qaçırılıb: Bakı Olimpiya Stadionu Avropa olimpiya hərəkatının ən böyük beynəlxalq tədbirlərindən biri olan ilk Avropa Oyunları üçün inşa edilib.