"Barselona"nın maraq dairəsində olduğu iddia edilən "Komo"nun baş məşqçisi Sesk Fabreqas İtaliya klubundan mümkün ayrılığı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
İdman.Biz "Football Italia"ya istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis bütün diqqətini hazırkı komandasındakı işinə yönəltdiyini vurğulayıb.
Fabreqas klubdan ayrılmaq fikrində olmadığını söyləyib:
"Mən heç vaxt getmək barədə düşünməmişəm. Əgər bu barədə düşünməyə başlasaydım, bəlkə də, bu, buradakı işimin sonu demək olardı. Amma belə fikirlər heç vaxt ağlımdan keçməyib".
İspaniyalı məşqçi yarımmüdafiəçi Niko Pasa müntəzəm olaraq əsas heyətdə yer verməsinin səbəblərini də izah edib.
"Niko daim həvəsləndirilməyə ehtiyacı olan futbolçulardan deyil. Onunla nə qədər az danışsan, bir o qədər yaxşıdır. İnanılmaz düşüncə tərzinə malikdir. Artıq iki ildən çoxdur birlikdə işləyirik və bu müddətdə o, xeyli inkişaf edib", - deyə Fabreqas qeyd edib.
Baş məşqçi argentinalı yarımmüdafiəçinin komandanın müdafiə fəaliyyətinə verdiyi töhfəni də yüksək qiymətləndirib.
Qeyd edək ki, "Komo" Fabreqasın rəhbərliyi altında A Seriyasına yüksəlib. Son vaxtlar mətbuatda "Barselona"nın ispaniyalı mütəxəssislə maraqlandığı barədə məlumatlar yayılıb.