"Kəpəz" futbol klubunun kapitanı Dioqo Verdaska komanda ilə məşqlərə başlayıb.
Futbolçunun sosial şəbəkə hesabında komanda ilə məşqlərə qoşulduğunu əks etdirən paylaşımından sonra onun Misli Premyer Liqasının doqquzuncu turunda "Şəfa" ilə keçiriləcək oyunda iştirak edib-etməyəcəyi ilə bağlı İdman.Biz "Kəpəz"in mətbuat xidmətinə sorğu ünvanlayıb.
Klubdan bildirilib ki, "Kəpəz"in kapitanı sentyabrın əvvəlində məşq zamanı sağ bud əzələsindən zədələnib. Həmin vaxt həkimlərin rəyinə əsasən, futbolçunun altı həftəlik müalicəyə ehtiyacı olub.
Verdaska bu müddət ərzində müalicə alıb. Yalnız son günlərdə fərdi məşqlərə, daha sonra isə komanda məşqlərinə tədricən qoşulmağa başlayıb.
Qeyd olunub ki, futbolçu hələ tam hazır deyil və əvvəlki formasına qayıtması üçün müəyyən müddətə ehtiyac var. Bu səbəbdən onun "Şəfa" ilə oyunda heyətdə yer alması gözlənilmir. Müalicə prosesi ilə əlaqədar uzun müddət məşqlərdən kənarda qalan Verdaskanın optimal formasını bərpa etməsi üçün zamana ehtiyacı var.
Futbolçu gələcəkdə yaxşı forma yığaraq əvvəlki vəziyyətinə qayıdarsa, onun qarşıdakı oyunlarda iştirak edib-etməyəcəyinə məşqçilər korpusu qərar verəcək.
Xatırladaq ki, "Şəfa" - "Kəpəz" qarşılaşması oktyabrın 24-də "SOCAR Polymer Arena"da keçiriləcək. Görüş saat 16:30-da başlayacaq. Hazırda üç xala malik "Şəfa" turnir cədvəlinin 11-ci, 11 xalı olan "Kəpəz" isə yeddinci pillədə qərarlaşıb.