Azərbaycanlı qarışıq döyüş növləri (MMA) üzrə döyüşçü Tofiq Musayev UFC-nin yüngül çəkidəki reytinqində həmyerlisi Rafael Fiziyevi qabaqlayıb.
İdman.Biz xəbər verir ki, yenilənmiş "Meta UFC Rankings" reytinqində Musayev 13-cü pillədə qalıb. Fiziyev isə iki pillə geriləyərək 12-ci yerdən 14-cü sıraya düşüb. Beləliklə, Musayev bu reytinqdə ilk dəfə həmyerlisindən irəli keçib.
Qeyd edək ki, "Meta UFC Rankings" 2026-cı ilin iyununda UFC və "Meta" şirkətinin birgə təqdim etdiyi yeni rəsmi reytinq sistemidir. İdman mediası nümayəndələrinin səsverməsi ilə formalaşan ənənəvi reytinqdən fərqli olaraq, burada döyüşçülərin mövqeləri alqoritm vasitəsilə hesablanır. Nəticələr, rəqiblərin səviyyəsi, qələbə üsulları, döyüşçülərin aktivliyi və son döyüşdən keçən müddət nəzərə alınır.
Bununla belə, UFC-nin rəsmi saytında yayımlanan ənənəvi media reytinqində Fiziyev 11-ci yerdədir, Musayev isə yüngül çəki üzrə ilk 15-likdə yer almır.
Hər iki reytinqə UFC-nin yüngül çəki üzrə çempionu Castin Qeyci başçılıq edir. İddiaçılar arasında isə ilk sırada İlia Topuriya qərarlaşıb.
Xatırladaq ki, Tofiq Musayev sonuncu döyüşünü avqustun 1-də Belqradda keçirilən UFC turnirində keçirib. O, slovakiyalı Lyudovit Kleyni ikinci raundda texniki nokautla məğlub edib. Rafael Fiziyev isə sonuncu dəfə iyunun 27-də Bakıda oktagona çıxıb və meksikalı Manuel Torresi ikinci raundun 15-ci saniyəsində nokauta salıb.
Hazırda hər iki azərbaycanlı döyüşçünün növbəti qarşılaşması rəsmi olaraq elan edilməyib.