"Dakar-2026" Yeniyetmələrin dördüncü Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Azərbaycan cüdoçusu İbrahim Talıbovun məşqçiləri Emin İsgəndərov və Nicat Şıxəlizadə idmançının uğurunu dəyərləndiriblər.
İdman.Biz AZƏRTAC-a istinadən xəbər verir ki, Emin İsgəndərov 55 kiloqram çəki dərəcəsində çıxış edən yetirməsinin qələbəsini tarixi uğur kimi qiymətləndirib.

"Həqiqətən, bu, sevindirici haldır. 2018-ci ildə Vüqar Talıbov Olimpiya çempionu olmuşdu. Səkkiz il keçdikdən sonra İbrahim Talıbov həmin tarixi qələbəni təkrarladı. Bu, hamı üçün sevindiricidir.
İbrahim Olimpiya Oyunlarında böyük təcrübə qazandı. Onun gələcəkdə böyüklər arasında da yüksək nəticələr əldə etməsi özündən asılıdır. Karyerasını uğurla davam etdirə bilər. Ancaq mənim həmişə tələb etdiyim bir qayda var: nizam-intizam olsa, qarşıda onu böyük nəticələr gözləyir", - deyə məşqçi bildirib.
Yeniyetmə oğlanlardan ibarət yığmanın məşqçisi Nicat Şıxəlizadə də idmançının çıxışından məmnunluğunu ifadə edib. O, yarışdan əvvəl də İbrahim Talıbovun qızıl medal qazanacağına inandığını söyləyib.

"Yeniyetmələr arasında ikinci Olimpiya çempionumuzun Vətənə qayıtması çox sevindirici haldır. Yarışdan əvvəl də İbrahim Talıbovun qızıl medal qazanacağını gözləyirdik. Nəhayət, idmançımız verdiyi sözə əməl etdi. Milli komandanın məşqçisi kimi bu uğura mən də sevinirəm. İnanıram ki, bu nəticə gələcəkdə gənclər və böyüklər arasında da təkrarlanacaq", - deyə mütəxəssis vurğulayıb.
Nicat Şıxəlizadə hazırlıq prosesinin yüksək səviyyədə təşkil olunduğunu da qeyd edib. Onun sözlərinə görə, federasiyanın dəstəyi ilə bir neçə təlim-məşq toplanışı keçirilib, idmançı texniki, fiziki və taktiki cəhətdən hazırlıq keçib.
Məşqçi əlavə edib ki, istirahətdən sonra İbrahim Talıbov gənclər arasında ölkə çempionatında iştirak edəcək və növbəti yarışlarda qüvvəsini sınayacaq.
Qeyd edək ki, noyabrın 13-dək davam edəcək "Dakar-2026"da Azərbaycan komandası səkkiz idman növündə 13 idmançı ilə təmsil olunur.