Azərbaycan Karate Federasiyasının (AKF) təşkilatçılığı və dəvəti ilə 12–14 dekabr 2025-ci il tarixlərində keçirilən XXXIII Ümumrespublika Texniki Seminarı və İmtahanı başa çatıb.
İdman.Biz xəbər verir ki, 11-ci dan qara kəmər sahibi, şotokan karate üzrə dünya şöhrətli ustad Hitoşi Kasuyanın rəhbərliyi ilə təşkil olunan seminarda şotokan karatenin texniki incəlikləri, müasir məşq metodikaları, həmçinin beynəlxalq yarış və imtahan standartları iştirakçılara ətraflı şəkildə təqdim olunub.
Seminar çərçivəsində daha bir əlamətdar hadisə də baş verib. Dünya Şotokan Karate-do Federasiyası (WSKF) tərəfindən təsis edilən "Dünya Çempionları Klubu"nun xüsusi medalı ilə Azərbaycan Karate Federasiyasının prezidenti Ülvi Quliyev, vitse-prezidentlər Fizuli Musayev və Rəhman Hətəmov, eləcə də AKF-nin Texniki və Məşqçilər Komitəsinin sədri Əhməd Əfəndi təltif olunublar.
Bu nüfuzlu mükafat dünya çempionu olmuş şəxslərin hazırda da ölkəmizdə şotokan karatenin inkişafı, beynəlxalq standartlara uyğun təbliği, gənclər arasında bu idman növünə marağın artırılması və Azərbaycan karatesinin beynəlxalq arenada layiqincə təmsil olunması istiqamətində apardıqları uzunmüddətli və səmərəli fəaliyyətə görə təqdim edilib.
Qeyd edək ki, seminar və imtahanda ümumilikdə 300-ə yaxın idmançı və məşqçi iştirak edib, 40-a yaxın şəxs isə kəmər dərəcələrini beynəlxalq tələblərə uyğun şəkildə yüksəldib.