Almaniyanın Keinbaum şəhərində keçirilən yeniyetmə boksçular arasında U-17 Avropa çempionatında 1/4 final mərhələsinə yekun vurulub.
İdman.Biz xəbər verir ki, mərhələnin son günündə Azərbaycan millisinin daha iki üzvü yarımfinala vəsiqə qazanaraq azı bürünc medalı təmin edib.

48 kq çəki dərəcəsində mübarizə aparan Gülər Hüseynova italiyalı Maria Spennato ilə üz-üzə gəlib. Boksçumuz ikinci raundda tam üstünlüklə qalib gələrək adını yarımfinala yazdırıb. Hüseynova bu mərhələdə İngiltərə təmsilçisi Serana Mali ilə döyüşəcək.

60 kq-da çıxış edən Şahin Aslanov da 1/4 finalda uğurlu çıxış edib. O, bolqarıstanlı İvaylo Kolevini 4:1 hesabı ilə məğlub edib (30:27, 30:27, 30:27, 30:27, 28:29). Aslanov final uğrunda döyüşdə irlandiyalı Ceyson Maherlə qarşılaşacaq.
Beləliklə, yarımfinal mərhələsinə yüksələn boksçularımızın sayı dördə çatıb. Daha əvvəl Qardaş Rəhimov (46 kq) və Şükar Əliyev (75 kq) də yarımfinala vəsiqə qazanaraq özləri üçün bürünc medalı təmin ediblər.
Qeyd edək ki, U-17 Avropa çempionatında yarımfinal görüşləri dekabrın 15-də keçiriləcək.