Yaponiyanın paytaxtı Tokioda keçirilən WTA 500 kateqoriyalı tennis turnirində gözlənilməz nəticə qeydə alınıb.
İdman.Biz xəbər verir ki, 17 yaşlı slovakiyalı tennisçi Mia Poqankova dünyanın keçmiş bir nömrəli raketkası Naomı Osakanı mübarizədən kənarlaşdırıb.
Dünya reytinqində 144-cü pillədə qərarlaşan Poqankova ikinci mərhələdə 18-ci sırada yer alan yaponiyalı rəqibini iki setdə məğlub edib - 6:3, 7:5.
Görüş bir saat 36 dəqiqə davam edib.
Turnirə təşkilatçıların xüsusi dəvəti ilə qatılan gənc tennisçi bu qələbə sayəsində 1/4 finala yüksəlib.
Qeyd edək ki, Poqankova ilk mərhələdə çexiyalı Tereza Valentovanı 6:1, 6:4 hesabı ilə məğlub edib. O, yarımfinala vəsiqə uğrunda ABŞ təmsilçisi Alisiya Parkslə qarşılaşacaq.
Naomı Osaka isə turnirin ilk mərhələsində italiyalı Jasmin Paolinini 6:3, 7:6 hesabı ilə üstələyib.