top
Gənc taekvondo hakimi Suzanna Silvestr: Hakimlikdə fərqlilik görürəm - MÜSAHİBƏ Idman.biz
07 yanvar 2026, 15:51
- +

Gənc taekvondo hakimi Suzanna Silvestr: "Hakimlikdə fərqlilik görürəm" - MÜSAHİBƏ

"Ümumiyyətlə, idman fəaliyyətimə 3 yaşından gimnastika ilə başlamışam və 5 il bu növdə özümü sınamışam".

Bunu Azərbaycanın gənc taekvondo hakimi Suzanna Silvestr AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

- Özünüz haqqında ətraflı məlumat verərdiniz...

- 21 yaşım var. Bakıdanam, atam əcnəbi, anam isə azərbaycanlıdır. Hazırda İdman Akademiyasında təhsil alıram. Eyni zamanda müalicəvi gimnastika məşqçisi kimi çalışıram və taekvondo üzrə milli dərəcəli hakiməm.

- Niyə məhz taekvondo hakimliyini seçdiniz?

- Uşaqlıqdan taekvondo ilə maraqlanmağa anamın sayəsində başlamışam. Anam Səmihə Silvestr özü də bu idman növündə 6 dəfə Azərbaycan çempionu olub və ölkəni beynəlxalq yarışlarda təmsil edib. Onun təsiri ilə mən də bu idman növü ilə məşğul olmağa başladım. Təxminən 8-9 yaşımdan 15 yaşa qədər aktiv şəkildə taekvondo ilə məşğul olmuşam. Sonra təhsilimlə bağlı bir müddət idmana fasilə verdim. 17 yaşımda yenidən seminarlara qoşulmağa başladım. Gündüz Abdullayevin keçdiyi seminarlarda iştirak etdim və sertifikatlar qazandım. 18 yaşım tamam olandan sonra, yəni, 2023-cü ildən etibarən taekvondo hakimliyi fəaliyyətinə başladım. Bu sahəyə marağımın səbəbi fərqlilikdir. İdmançılarla müqayisədə hakimlər tamamilə fərqli mühitdə olurlar. Orada hər kəslə bir yerdəsən, amma məsuliyyət sənin üzərindədir. Məsələn, kimin Azərbaycan çempionu olacağına bəzən sən qərar verirsən. Bu, həm çox məsuliyyətli, bir o qədər də maraqlı işdir. Ona görə bu sahəni çox sevirəm və sevə-sevə də davam etdirirəm. 2023-cü ildən bəri artıq 3 dəfə Azərbaycan çempionatında hakim kimi iştirak etmişəm.

- Bu sahəni seçəndə yaxınlarınızdan necə reaksiya aldınız?

- Özüm də idmançı olmuşam deyə, indi hakim kimi fəaliyyət göstərməyim insanlara qəribə gəlmir. Amma məni tanımayan insanlar bu gənc yaşda necə hakim ola bildiyimlə, bunu necə bacardığımla bağlı suallar verirlər. Bəzən elə olur ki, yaşca məndən böyük insanlar "sən hələ cavansan, niyə hakim olursan, get yarışlarda döyüş, yaşın azdır" deyirlər. Amma mən izah etməyə çalışıram ki, məqsədim idmançı olaraq deyil, hakim kimi irəliləməkdir.

- Başqa hansısa idman növünə marağınız olub?

- Ümumiyyətlə, idman fəaliyyətimə 3 yaşından gimnastika ilə başlamışam və 5 il bu növdə özümü sınamışam. Daha sonra taekvondo ilə məşğul olmağa başladım. Hər iki idman növünün özünəməxsus tərəfləri var. Lakin müəyyən müddət sonra taekvondonun mənə daha uyğun olduğunu anladım. Gimnastika daha çox zəriflik, taekvondo isə döyüş və güc tələb edir. Amma onları birləşdirən cəhət elastiklikdir. Taekvondoda da, gimnastikada da elastik bədən çox vacibdir. Məsələn, taekvondoçular elastiklik qazanmaq, boylarını uzatmaq üçün gimnastika dərslərinə gəlirlər. Valideynlər də buna maraq göstərirlər. Genetika əsas rol oynasa da, idmanın təsiri böyükdür.

- Qadın hakim kimi fəaliyyət göstərmək nə dərəcədə çətindir? Qarşılaşdığınız əsas çətinliklər nələr olub?

- Bu sahədə çətinliklər təbii ki, çox olur. Əsas məsələ düzgün qərar verməkdir. Çünki bizim öz qaydalarımız var və o çərçivədə hər şeyə diqqətlə yanaşmaq lazımdır. Döyüşü tam şəkildə görmək olduqca vacibdir. Bir yanlış qərar hansısa idmançının nəticəsinə ciddi təsir edə, qalibiyyətini əlindən ala bilər. Ona görə hakim kimi daim diqqətli olmaq, qaydaları tam bilmək və obyektiv qərar vermək əsasdır. Bu sahənin məsuliyyəti çoxdur, amma mən bu çətinlikləri sevirəm və öhdəsindən gəlməyə çalışıram.

- Oğlanların yarışını idarə etmək çətindir, yoxsa qızların?

- Oğlanlarda döyüşlər daha aktiv keçir. Onlar medalı qazanmaq üçün daha böyük istəklə mübarizə aparırlar. Qızlarda isə döyüşlər bir qədər passiv gedir. Bu, əlbəttə ki, çəkidən də çox asılıdır. Yuxarı çəki kateqoriyalarında hətta bəzən oğlanların döyüşləri də bir az zəif keçir. Amma aşağı çəkilərdə, xüsusilə oğlanlar arasında mübarizə daha aqressiv olur. Ümumiyyətlə, oğlanlarda döyüş ruhu və rəqabət hissi daha güclüdür. Taekvondo cəmiyyətində də idmana daha çox oğlanlar üstünlük verirlər. Qızlara da dəstək verilir, amma reallıqda bu dəstək hələ istənilən səviyyədə deyil. Hazırda qızlar arasında döyüşlərin temp və aktivliyi oğlanlarla müqayisədə nisbətən aşağıdır.

- Hakimlik karyeranızda ən böyük arzunuz nədir?

- Qarşıma qoyduğum əsas məqsəd beynəlxalq dərəcəli hakim olmaqdır. Hazırda milli dərəcəli hakim kimi yalnız ölkə daxilində, yəni Bakı və ya regionlarda keçirilən yarışlarda iştirak edə bilirəm. Amma beynəlxalq dərəcəli hakimlik insana ölkə xaricində keçirilən turnirlərdə iştirak imkanı qazandırır. Bu isə həm daha çox təcrübə, həm də daha geniş arenada özünüsübut deməkdir. Ümid edirəm ki, bu hədəfə də çatmaq qismət olar.

- Yəqin ki, özünüzü Olimpiya Oyunlarında görmək istərdiniz. Azərbaycanda buna nail olan qadın hakimimiz yoxdur...

- Düzdür, istər qadın, istər kişi olsun, hər bir hakimin ən böyük arzusu Olimpiya Oyunlarında görüş idarə etməkdir. Bu, böyük məsuliyyət və qürur hissidir. Azərbaycanda taekvondo üzrə yalnız Aygül Abdullayeva mötəbər yarışlarda ədaləti təmsil edib. Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər nüfuzlu turnirlərdə yalnız idmançılar deyil, hakimlər də diqqət mərkəzində olur. Necə ki, idmançı yarışa çıxanda həyəcanlanır, eləcə də biz hakimlərdə bu baş verir. Çünki orada lisenziyalı, yüksək nəticələr göstərmiş idmançılar döyüşürlər və belə görüşləri idarə etmək insana həqiqətən də böyük qürur verir.

- Bu yaxınlarda taekvondo üzrə ölkə çempionatı və birinciliyində ən yaxşı qadın hakim seçildiniz. Bu barədə təəssüratlarınız necədir?

- Əslində bunu gözləyirdim. Açığı, məqsədim ən yaxşı hakim olmaq deyil, bir döyüşü düzgün və ədalətli şəkildə idarə etmək, təcrübə qazanmaq idi. Yenə də ən yaxşı seçilmək mənim üçün gözəl an oldu. Deməli, artıq müəyyən səviyyəyə çatdığım üçün bu uğura nail olmuşam. Bununla bağlı ən xoş təəssüratım isə bu xəbərə ən çox sevinən anam və yaxın ətrafımın reaksiyası oldu. Onlar "sən bu ada layiq idin" deyirdilər və bu, məni çox xoşbəxt edirdi.

- Bayaq qeyd etdiniz ki, atanız əcnəbidir...

- Bəli, onun bir tərəfi Hindistandan, bir tərəfi Belçikadandır.

- Maraqlıdır, üç fərqli mədəniyyətin nümayəndəsi olmaq gündəlik həyatınıza, dünyagörüşünüzə və ya idmana yanaşmanıza necə təsir edir?

- Azərbaycanda doğulub böyümüşəm və buranın mədəniyyətinə tam uyğunlaşmışam. Amma düşüncə tərzi olaraq özümü Avropaya daha yaxın hiss edirəm. Bəzən insanlar da məni görən kimi əcnəbi olduğumu düşünürlər. Əsasən slavyanlara bənzədirlər. Avropa mentaliteti və həyat tərzi mənə bir qədər yaxın gəlir. Fikrimcə, onlar daha sərbəst və müasirdirlər. Mən də bu baxımdan özümü onlara yaxın hiss edirəm. Amma həyatıma hansısa ciddi təsir göstərmir. Çünki nəticədə Azərbaycanda böyümüşəm və buradakı dəyərlərə də uyğun yaşayıram.

- Valideynləriniz necə tanış olublar?

- Valideynlərim yarış zamanı tanış olublar. Bildiyimə görə, anam Fransada keçirilən yarışdan qayıdırmış. Atam isə onu hava limanında görüb və oradaca tanış olublar. Sonra atam işlə bağlı Bakıya gəlib və münasibətləri davam edib.

- Hindistan və ya Belçika dilində danışa bilirsiniz?

- Atamın danışdığı dili bilmirəm. Amma biz bir-birimizlə əsasən ingilis dilində danışırıq. Bəzən rus dilində də ünsiyyət qururuq. Lakin evdə ən çox ingilis dili işlədilir.

- Hakim olmaq istəyən gənc qızlara hansı məsləhətləri verərdiniz?

- Hansı sahəyə, hansı idman növünə həvəsləri varsa, o istiqamətdə davam etsinlər. İnkişaf edib irəliləsinlər. Məsələn, əgər həqiqətən də idmana maraqları varsa, sadəcə prestijə görə təhsil almasınlar. Çünki ora onların aid olduğu yer deyil. İnsan sevdiyi işlə məşğul olmalıdır ki, səhər yuxudan duranda "nə üçün işə gedirəm" demək əvəzinə "yaxşı ki, bu gün də işə gedirəm" deyə bilsin.

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:52

"Tottenhem" azarkeşləri Poçettinonu təyyarədə qarşılayıb, onu kluba qayıtmağa çağırdılar

Futbol
Bu gün, 09:44

Ferland Mendinin zədəsi "Real Madrid" üçün ciddi itki oldu

Minifutbol
Bu gün, 09:40

İran ABŞ-da keçiriləcək dünya çempionatından imtina etdi - Rəsmi

Basketbol
Bu gün, 09:33

Azərbaycan Basketbol Liqasında XIX tur başlayır

Futbol
Bu gün, 09:21

UEFA Konfrans Liqası 1/8 Final: "Samsunspor" - "Rayo Valyekano" və digər oyunlar

Futbol
Bu gün, 09:20

FİFA Dünya Çempionatının əməliyyat büdcəsini 100 milyon dollardan çox azaldıb

Futbol
Bu gün, 09:12

Pep Qvardiola "Mançester Siti"dən sonra məşqçilik karyerasını bitirməyi planlaşdırır

Futbol
Bu gün, 09:10

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyunları bu gün keçiriləcək

Güləş
Bu gün, 09:06

U-23 Avropa Çempionatı: Azərbaycanın daha 3 qadın güləşçisi mübarizəyə başlayır

Futbol
Bu gün, 09:00

Çempionlar Liqasında həftənin oyunçusu adına namizədlər açıqlanıb

Futbol
Bu gün, 08:40

Françesko Totti "Roma"ya qayıdır

Futbol
Bu gün, 08:16

"Mançester Siti" və "Çelsi"dən Çempionlar Liqasında İngilis Antirekordu

Futbol
Bu gün, 08:05

"Qarabağ" Marselo Ajula transferi üçün danışıqlara başlayıb

Futbol
Bu gün, 07:16

Çempionlar Liqasında İngiltərə klubları üçün uğursuz həftə

Futbol
Bu gün, 06:19

İran millisinin keçmiş oyunçusu qadın futbolçulara davamlı təzyiqlərdən danışıb

Futbol
Bu gün, 05:11

Valverde - Çempionlar Liqasında het-trik edən ikinci uruqvaylı futbolçu

Futbol
Bu gün, 04:15

İqor Tudor "Liverpul"la oyuna qədər "Tottenhem"də qalacaq

Futbol
Bu gün, 03:12

PSJ - "Çelsi" matçında Pedro Netunun hərəkəti kütləvi davaya səbəb olub

Futbol
Bu gün, 02:15

Çempionlar Liqası: "Real" və PSJ-dən böyük hesablı qələbələr, "Bodo-Qlimt"dən sensasiya - YENİLƏNİB + VİDEO

Futbol
Bu gün, 02:14

ÇL 1/8 finalının ilk oyunlarının nəticələri: "Real Madrid"dən qələbə, "Bodo-Qlimt"dən darmadağın

Futbol
Bu gün, 02:02

Çempionlar Liqası: PSJ, "Real" və "Bodo-Qlimt"in qələbələri

Futbol
Bu gün, 01:55

UEFA Çempionlar Liqası: "Real" "Mançester Siti"ni, PSJ "Çelsi"ni məğlub edib

Futbol
Bu gün, 01:55

"Liverpul" İbrahima Konate ilə müqaviləni uzatmaq istəyir

Futbol
Bu gün, 01:37

Maykl Olise "Qızıl top" qazanmaq şansları və komanda uğurları barədə danışıb

Oxşar xəbərlər