İspaniyanın "Barselona" futbol komandasının baş məşqçisi Hansi Flik Bakıda "Sabah" üzərində böyükhesablı qələbəyə baxmayaraq, yetirmələrinin çıxışından tam razı qalmayıb.
İdman.Biz xəbər verir ki, almaniyalı mütəxəssis "Deportivo" ilə qarşılaşma öncəsi mətbuat konfransında Azərbaycan təmsilçisi ilə oyunda yaşanan epizoddan danışıb.
"Sabah"ın təsəlli qolunu vurmasından sonra Flik gödəkçəsini çıxarıb, fəal şəkildə əl-qol hərəkətləri edərək narazılığını nümayiş etdirib. Mütəxəssis mətbuat konfransında zarafatla gödəkçəsini havanın isti olması səbəbindən çıxardığını bildirib.

"Əvvəlcə topu meydana vurmaq istəyirdim. Amma buna görə mənə qırmızı vərəqə göstərə bilərdilər. Ona görə də topu arxaya vurdum", - deyə Flik gülərək bildirib.
Almaniyalı məşqçi qol epizodunu təhlil edərkən isə daha ciddi danışıb:
"Oyuna nəzarət edirdik, amma "Vilyarreal"la qarşılaşmadakı kimi səhvə yol verdik. Həmişə daha az səhv etməkdən danışırıq, lakin bu, yenə baş verdi".
Bununla belə, Flik Bakıda futbolçularının qarşılaşmaya yanaşmasından razı qaldığını vurğulayıb:
"Oyuna yaxşı münasibətlə, yüksək diqqətlə başladıq. Səfərdə oynayarkən ən vacib amil məhz budur".
"Barselona" cari mövsümdə keçirdiyi 18 rəsmi qarşılaşmada 69 qol vursa da, yeddi oyunda hesabda geri düşüb. Kataloniya təmsilçisi bu görüşlərin beşində geridönüş etməyi bacarıb, PSJ və "Real"la qarşılaşmalarda isə buna nail olmayıb.
Flik Bakıda futbolçular arasında oyun vaxtının bölüşdürülməsinin də mühüm əhəmiyyət daşıdığını bildirib:
"Komandamızda yüksək keyfiyyətli futbolçuların olduğunu həmişə demişəm. Hamıya oyun vaxtı vermək vacibdir. Bakıda etdiklərimiz bütün futbolçular üçün çox əhəmiyyətli idi. Oyun üslubumuz üçün futbolçuların gümrah olması, meydanda bizə lazım olan intensivliyi nümayiş etdirməsi və hər epizoda hazır olması vacibdir".
Qeyd edək ki, "Sabah"la qarşılaşma üçün Azərbaycana gəlməyən Lamin Yamal, həmçinin zədəsini sağaldan Rodri və Andreas Kristensen "Deportivo" ilə oyun öncəsi komandaya qayıdıblar. Alexandro Balde və Mark Bernal isə qarşılaşmanı buraxacaqlar.