Bəzi futbolçular qazandıqları kuboklarla, bəziləri isə bir kluba həsr etdikləri illərlə yadda qalırlar. Rayan Qiqqz isə hər iki xüsusiyyəti özündə birləşdirən nadir idmançılardandır. O, futbolun sürətlə dəyişdiyi illərdə eyni klubun formasını geyinərək bütöv bir dövrün simasına çevrilib.
Oxu.Az-ın \"İdmandan kənar\" rubrikasında bu dəfə "Mançester Yunayted"in əfsanəsi, İngiltərə futbolunun ən titullu oyunçularından biri Rayan Qiqqzin həyat və karyera hekayəsindən bəhs edəcəyik.
Kardiffdən Mançesterə uzanan yol
Rayan Cozef Qiqqz 1973-cü il noyabrın 29-da Uelsin Kardiff şəhərində dünyaya gəlib. Uşaqlıq illərində reqbi ilə də maraqlanıb. Atası Denni Uilson reqbi oyunçusu olub və Qiqqz də bir müddət bu idman növü ilə məşğul olub. Lakin futbol onun həyatının əsas istiqamətinə çevrilib.
Ailəsi Mançesterə köçdükdən sonra gənc Rayanın istedadı daha çox diqqət çəkməyə başlayıb. O, "Mançester Siti"nin akademiyasında məşq etsə də, sonradan şəhərin digər böyük klubunun - "Mançester Yunayted"in diqqətini cəlb edib. Əfsanəvi baş məşqçi Aleks Ferqyuson onun potensialına inanıb və Qiqqzin karyerasında mühüm rol oynayıb.

24 mövsüm, bir forma, saysız-hesabsız qələbə
Qiqqz 1991-ci ildə "Mançester Yunayted"in əsas komandasında debüt edib. Həmin vaxt onun cəmi 17 yaşı olub. Bu, uzun illər davam edəcək böyük bir futbol hekayəsinin başlanğıcı idi.
Uelsli futbolçu 2014-cü ilə qədər "qırmızı şeytanlar"ın formasını geyinib. Bu müddətdə 963 rəsmi matçda meydana çıxaraq klub tarixində ən çox oyun keçirən futbolçu olub.
Onun qazandığı titullar da karyerasının möhtəşəmliyindən xəbər verir. Qiqqz 13 dəfə İngiltərə Premyer Liqasının, iki dəfə isə UEFA Çempionlar Liqasının qalibi olub. Bundan başqa, İngiltərə Kubokunu və Liqa Kubokunu hərəyə dörd dəfə başı üzərinə qaldırıb. O, "Mançester Yunayted"in 1999-cu ildə tarixi treblə imza atdığı mövsümün əsas qəhrəmanlarından biri olub.
Qiqqzin karyerasının ən yaddaqalan anlarından biri 1999-cu ildə İngiltərə Kubokunun yarımfinalında "Arsenal"a vurduğu möhtəşəm qol olub. Əlavə vaxtda rəqib müdafiəçilərini geridə qoyaraq topu qapıya göndərən uelsli futbolçu həmin qarşılaşmanın qəhrəmanına çevrilib.
Rekordların arxasındakı sədaqət
Qiqqzi digər ulduzlardan fərqləndirən əsas cəhətlərdən biri uzun illər eyni klubda qalması olub. Futbolda transferlərin, böyük məbləğli müqavilələrin və tez-tez klub dəyişməyin adi hala çevrildiyi dövrdə o, "Mançester Yunayted"ə bağlılığını qoruyub.



