Deyəsən, “İmişli” baş məşqçi ilə bağlı qərar verməkdə tələsdi. Ervins Perkonsla tam əsaslarla müqavilə bağlanan kimi komandası evdə autsayder “Şəfa”ya uduzdu. Həm də latviyalının özünün də etiraf etdiyi kimi – bütün komponentlərdə.
Klub rəhbərliyi əcnəbi çalışdırıcı ilə qışa kimi müvəqqəti əvəzləyici kimi davam etməli idi. Bu müddətdə onun bacarığı daha aydın ortaya çıxacaqdı. Perkonsun zəif rəqiblərlə oyunlarda qazandığı bir neçə xal hələ onun bacarıqlı olduğunu deməyə əsas vermir. Daha çətin rəqiblər önünə çıxan Fərid Namazovun hazırladığı komanda bugünədək gələ bilib, qazanılan xallarda keçmş baş məşqçinin də rolu var.
Ervinsin zamanında nəticələr daha yaxşı görünsə də, “İmişli”nin oyununda aşkar düşüş hiss olunur. Ötən il Premyer Liqaya səs salan futbolçuların əksəriyyəti əvvəlki formasından uzaqdır. Bu isə təbii ki, məşqçi işinə dəlalət edən məsələdir. Təki rəhbərlik doğru qərar versin, amma sanki onlar bir qədər tez vəcdə gəldilər, nəticələrə aldandılar.
“Şəfa” dünən 10 oyunluq qələbəsiz seriyanı qıraraq rahat nəfəs aldı. Komanda yenə səfər matçında 3 xala sevindi. Bu nəticə ən yaxın rəqiblərdən olan “İmişli”nin uzaqlaşmasının qarşısını aldı, autsayderlər qrupunu böyütdü. Eyni zamanda sonuncu pillədəki “Araz-Naxçıvan”la arada ciddi fərq yarandı.
Debütant ardıcıl iki qoldan sonra fərqin azalmasına imkan verəndə bir az həyəcanlandı. Çünki bakılıların böyük üstünlüyü əldən verdiyi matçlar olub. Amma bu dəfə təzyiqə davam gətirib növbəti qolu vurmaq mümkün oldu. Görünür, həftəiçi klubdaxili iclas komandada birlik yaratmağa imkan verib, məşqçilər də çatışmazlıqları aradan qaldırıb.
“Şəfa”nın çıxışına Elnur Cəfərovun təsiri də danılmazıdr. Əvvəlki günlərini xatırlatmağa başlayan istedadlı vunger eyforiyaya qapılmasa, milliyə çağırılacağı gün də uzaqda deyil. Qeyri-standart oyun tərzi, əla düşüncəsi onun özünü sübut etməsinə imkan yaradır. İşləməyə, özünü inkişaf etdirməyə davam etsə, komandasının lideri olacaq.
Günün əsas matçında isə paytaxt klubları üz-üzə gəldi. “Neftçi” yeganə məğlubiyyətini aldığı “Zirə” ilə görüşdə erkən qolla önə çıxıb nəticəni qorumağı bacardı. Meydan sahibləri liderliyini qorumaq üçün matçın sonlarında hətta müdafiədə oturmağı da lazım bildi. Rəşad Sadıqov Yuri Vernidubla taktiki mübarizən uduzmadı, yalnız qol zamanı buraxılan yeganə səhv həlledici oldu.
Matç heç-heçə bitsəydi, ədalətsiz olmazdı, ancaq qələbə də “Neftçi”yə təsadüfən qismət olmadı. Bəlkə də erkən qol vurulmasaydı, flaqman başqa futbol oynayardı. Sırf nəticənin diqtə etdiyi ssenari yaşandı və “ağ-qaralar” çempionluq hədəfinə doğru daha bir addım atdı.
“Zirə” bəlkə də son turlardakı ən yaxşı oyununu sərgilədi. Ancaq reallıq tabloda əksini tapır – qəsəbə təmsilçisi 5-ci pillədədir və 2 xal öndə olduğu “Kəpəz”dən 2 oyun çox keçirib. Bu gedişlə avrokuboka vəiqə qazanmaq çox çətin olacaq.
“Neftçi” isə öz işindədir. Vernidubun yetirmələri hər növbəti matça köklənir və liderliyini davam etdirir. Komanda ardıcıl 4-cü qələbəsini qazanmaqla qızıl medalların əsas hədəf olduğunu göstərir.
FƏRİD