"Mançester Yunayted"in sabiq futbolçusu Qari Nevill komandanın 2026/2027 mövsümünə uğursuz startını şərh edib və baş məşqçi Maykl Karrikin gələcəyi ilə bağlı fikirlərini bölüşüb.
İdman.Biz "Sky Sports"a istinadən xəbər verir ki, keçmiş futbolçu yeddi turdan sonra Premyer Liqada cəmi yeddi xal toplayan Mançester təmsilçisinin qarşıdakı həftələrdə nəticələrini yaxşılaşdırmalı olduğunu vurğulayıb.
"Hazırda oyun səviyyəsinin aşağı düşdüyünü və gözləntilərin azaldığını görürük. Bu vəziyyət Maykl Karrik üçün müəyyən mənada tramplin ola bilər. Ola bilsin, komandaya özünəinam qazandırar və gələcək addımlar üçün əsas yaradar. Klubun mövsümlük hədəflərinə gəlincə, dördüncü yer əla nəticə, beşinci yer qənaətbəxş, altıncı yer isə uğursuzluq sayılmalıdır. Lakin onlar heç bir halda ilk beşlikdən kənarda qalmamalıdırlar. Bu, Çempionlar Liqasına vəsiqə qazana bilməmək deməkdir və nəticədə qapalı dairə yaranır.
Belə olduqda istədiyiniz futbolçuları transfer edə bilmirsiniz, çünki onlar Çempionlar Liqasında oynamaq istəyirlər. Üstəlik, klub 70-80 milyon avro gəlirdən məhrum olur və cümə axşamları Avropa Liqasında çıxış etməyə məcbur qalır. Maykl Karrikin inkişafını davam etdirməsi və "Mançester Yunayted"in investisiyalar hesabına böyüməsi üçün beşinci yer mütləq şərtdir.
Əgər yanvarda komanda 13-cü pillədə olsa, Karrikin ciddi problemləri yaranacaq. Bu, komandanın real səviyyəsinin məhz belə olduğunu göstərəcək. Bununla belə, yeddi turdan sonra hələ də mövsümün yeni başladığını söyləmək mümkündür. Vəziyyət yaxın həftələrdə dəyişməlidir. Qarşıda "Bornmut"la və səfərdə "Çelsi" ilə çox vacib oyunlar var. Çox şey məşqçinin bu görüşlərə hazırlığı necə qurmasından asılı olacaq.
Komanda mütləq beşinci yeri tutmalıdır. Bundan aşağı istənilən nəticə məyusluq və mövsümün əvvəlindəki gözləntilərlə müqayisədə geriyə addım olacaq. Hazırda onlar bu hədəfdən çox uzaqdırlar. "Brayton", "Liverpul" və "Aston Villa"ya baxın, görünür, bu komandalar artıq sürət yığmağa başlayırlar. Vəziyyət heç də asan deyil", - deyə Nevill bildirib.