"Real Madrid"in futbolçusu Kilian Mbappe Fransanın "Onze Mondial" nəşrinin təqdim etdiyi "Onze d'Or" mükafatına layiq görülməsi ilə bağlı təəssüratlarını bölüşüb.
İdman.Biz xəbər verir ki, fransalı hücumçu dünya futbolunun əfsanələri ilə eyni siyahıda yer almağın onun üçün böyük şərəf olduğunu vurğulayıb:
"Zidan, Kriştianu, Maradona – bunlar böyük futbolçulardır. Onlar öz dövrlərində çox böyük iz qoyublar və harada olmalarından asılı olmayaraq, həmişə parlaq təəssürat yaradıblar. Təbii ki, belə bir qrupa qoşulmaq, bu səviyyəli futbolçularla eyni sırada olmaq mənim üçün böyük məmnunluq və şərəfdir".
Qeyd edək ki, "Onze d'Or" mükafatı 1976-cı ildən etibarən "Onze Mondial" nəşri tərəfindən oxucuların səsverməsi əsasında hər il təqdim olunur. Müxtəlif illərdə Dieqo Maradona, Zinəddin Zidan, Kriştianu Ronaldu və Lionel Messi də bu mükafata layiq görülüblər.