Misli Premyer Liqasının səkkizinci turunda "Şamaxı" doğma meydanda "Şəfa" üzərində 3:2 hesablı qələbə qazanıb. İki top fərqi ilə geri düşən meydan sahibləri geridönüş etməyi bacarıblar. Görüşün 65-ci dəqiqəsində "Şamaxı"nın sol cinah müdafiəçisi Jota Oliveyra baxımlı qola imza atıb.
İdman.Biz fanat.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu vurduğu qol, komandasının çıxışı və qarşıdakı oyunla bağlı sualları cavablandırıb.
– 0:2 hesabından sonra geridönüşə inanırdınız? Oyunun nəticəsini dəyişə biləcəyinizə əmin idiniz?
– İlk növbədə, matçda ən yaxşı tərəfimizi göstərmədiyimizi bilirdik. Xüsusilə birinci hissədə bəzi səhvlər etdik və rəqibə həddindən artıq boşluq verdik. İkinci hissədə isə bu problemləri aradan qaldırmağa, oyunumuzu yaxşılaşdırmağa və meydanda fərqli yanaşma nümayiş etdirməyə nail olduq. Düşünürəm ki, bu komandanın gücünü və ən çətin anlarda belə sonadək inanmaq bacarığını göstərdik. Həm komanda birliyi, həm də özümüzə inam görüşün nəticəsini dəyişməyimizə imkan verdi. Azarkeşlərimizə də dəstəklərinə görə təşəkkür etmək istəyirəm. Onların ruhlandırıcı dəstəyi bizim üçün çox önəmlidir və son fitə qədər mübarizə aparmaqda bizə əlavə motivasiya verir.
– Komanda ardıcıl yeddi oyundur məğlub olmur. "Şamaxı"nın imkanlarını nəzərə alsaq, avrokuboklara vəsiqə qazanmağı real hədəf hesab edirsiniz?
– Çempionat çox rəqabətlidir və üzərində işləməli, inkişaf etdirməli olduğumuz bir çox məqamlar var. Bizim yanaşmamız hər oyuna ayrıca köklənmək, ayaqlarımızı yerdən üzməmək və hər gün daha da yaxşılaşmağa çalışmaqdır. Həmişə daha artığını istəyirik, lakin inkişafın gərgin əmək və ardıcıllıq sayəsində mümkün olduğunu anlayırıq. Bu yolda bizə dəstək olan azarkeşlərimizə minnətdarıq. Onlar bu proses boyunca bizim üçün çox önəmli olublar. Mövsümün sonunda turnir cədvəlində hansı mövqedə olacağımızı və nəyə nail ola biləcəyimizi görəcəyik.
– Son oyunda möhtəşəm qol vurdunuz. Həmin qol haqqında nə deyə bilərsiniz?
– Fərqləndiyim üçün çox xoşbəxtəm. Xüsusilə də bu, çempionatda ilk qolum idi və belə bir qolla yadda qaldı. Bəlkə də indiyədək karyeramın ən yaxşı qolu idi. Amma ən əsası, komandama üç xal qazanmaqda kömək etdiyim üçün sevinirəm. Hər zaman ən vacib olan budur. Belə qalibiyyətlər futbolçulardan tutmuş bütün məşqçi və texniki heyətə qədər hər kəsin böyük kollektiv əməyi sayəsində mümkün olur. Onlar hər gün məqsədlərimizə çatmağımız üçün çalışırlar.
– Növbəti rəqibiniz "İmişli"dir. Bu oyunla bağlı gözləntiləriniz nələrdir və məğlubiyyətsizlik seriyasını davam etdirmək üçün nə etməlisiniz?
– Bizi çətin oyun gözləyir, çünki bu çempionatda bütün matçlar çətindir. Həftə ərzində çalışmağa davam etməli, son oyunda buraxdığımız səhvləri təhlil edib aradan qaldırmalı və onların təkrarlanmasına imkan verməməliyik. Oyuna yüksək konsentrasiya, mübarizə əzmi və ən yaxşı performansımızla çıxmaq vacib olacaq. Azarkeşlərimizin dəstəyi bu dəfə də həlledici rol oynayacaq. Onların köməyi meydanda bizə əlavə güc və enerji verir. Ümid edirik ki, azarkeşlərimiz yanımızda olacaqlar və birlikdə əlimizdən gələnin ən yaxşısını edərək uğurlu seriyamızı davam etdirəcəyik.