"20-25 il futbol oynadıqdan sonra karyeranı bitirmək heç də asan deyil. Bu illər ərzində futbola böyük əmək sərf edirsən, gözəl günlər keçirirsən". Bu sözləri Sport24.az-a açıqlamasında ötən yay karyerasını başa vuran İlkin Qırtımov deyib.
Zaqatala futbol məktəbinin yetirməsi olan 35 yaşlı keçmiş müdafiəçi karyerasını başa vurduqdan sonra məşqçiliyə üz tutmaq qərarından danışıb:
"Məşqçi kimi işləmək qərarına gəlməyimin əsas səbəbi də budur. Uzun illərdir futbolun içindəyəm, bu sahəni yaxşı bilirəm. Karyeramı bitirdikdən sonra da futbolda qalmaq istəyirdim. Futbolçu kimi qazandığım təcrübəni məşqçilik fəaliyyətimdə istifadə etmək, bildiklərimi gələcək nəsillərə ötürmək mənim üçün maraqlıdır. Düşünürəm ki, bu, futbolda yeni bir mərhələyə başlamaq üçün yaxşı fürsətdir. "Qəbələ"də çalışmağımla bağlı təklif dostlarımdan gəldi. Salahət Ağayevə və Asif Məmmədova da təşəkkür edirəm. Rəhbərlik sağ olsun, qərarımı müsbət qarşıladı".
Qed edək ki, Qırtımov "Qəbələ" Futbol Akademiyasının U-19 komandasında Şəhriyar Xəlilovun köməkçisi olacaq. O, futbolçu karyerası ərzində "Simurq" (fəaliyyətini dayandırıb), "Neftçi", "Kəpəz", "Qəbələ" klublarının formasını geynib. Keçmiş müdafiəçi 5 oyunda Azərbaycan millisinin heyətində meydana çıxıb.