"Heç bir rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Futbolda rəqibə hörmət hər şeydən əvvəl gəlir".
Sport24.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında "Qarabağ"ın baş direktoru və klubun İdarə Heyətinin üzvü Emrah Çelikel Rumıniya təmsilçisi FCSB-nin sahibi Cici Bekalinin açıqlamalarına münasibət bildirərkən deyib.
İyulun 21-də atılan püşkə əsasən, "Qarabağ" İrlandiya "Şelburn"unu, FCSB isə Şimali Makedoniya "Şkendiya"sını üstələyəcəyi təqdirdə, qalib komandalar Çempionlar Liqasının III təsnifat mərhələsində bir-biri ilə üz-üzə gələcəklər.
Bekali püşkatmanın ardından Azərbaycan futbolu və təmsilçisini aşağılayıcı tərzdə açıqlama verib: "Yaxşı şans qazanmışıq. "Qarabağ"ı udmayandan sonra Çempionlar Liqasına düşmək istədiyini necə deyə bilərsən? Onlar bizim səviyyədə deyil, futbolları da bizim futbolla müqayisəyə gəlmir. Onlar oyunçularını itirib, ritmdən məhrum olub. Biz onları darmadağın edəcəyik! Yaxşı ki, ilk oyunu evdə keçirəcəyik – 2:0 və ya 3:0 udarıq ki, pley-offa vəsiqəni təmin edək".
FCSB rəsmisinin açıqlaması ilə tanış olduğunu deyən Çelikel Rumıniya təmsilçisinin artıq II təsnifat mərhələsinin ilk görüşündə "Şkendiya"ya 0:1 hesabı ilə uduzduğunu xatırladıb: "Bekali bu açıqlamanı uduzduqları oyundan əvvəl verib. Onu deyə bilərəm ki, rəqibə hörmət hər şeydən əvvəl gəlir. Biz hazırda bugünkü oyun barədə düşünürük. Növbəti mərhələ haqqında isə yalnız "Şelburn"la cavab görüşünün ardından danışmaq, fikirləşmək olar. Ümumilikdə isə biz hər bir oyuna ən yüksək nəticəni əldə etmək üçün çıxırıq".
"Bəlkə Bekali bu açıqlamanı ötən mövsüm Avropa Liqasında "Qarabağ"a Bakıda 3:2 hesabı ilə qalib gəldikləri üçün verib və düşünmürsünüz ki, klubunuza qarşı sayqısız davranıb?" sualına isə Ağdam klubunun baş direktoru belə reaksiya verib: "Bunu ondan soruşmaq lazımdır. Məncə, belə açıqlamalara fikir verməklə, öz hədəfimizdən yayına bilərik. Biz hər zaman sözümüzü meydanda demişik".