Almaniyanın "Borussiya Dortmund" klubunun rəsmi səhifəsində "Sabah"la qarşılaşma öncəsi maraqlı video yayımlanıb.
İdman.Biz xəbər verir ki, videoda Bakı təmsilçisinin hücumçusu Coy-Lens Mikels sualları cavablandırıb, karyerasından və Dortmund klubu ilə bağlı xatirələrindən danışıb.
Müsahibə zamanı futbolçudan Almaniyadan olan oyunçunun Azərbaycanda çıxış etməsinin səbəbi soruşulub. Mikels buna "Almaniyada alınmadı" cavabını verib. "Sabah"ın güclü tərəfi barədə suala isə komandanın hücum xəttini qeyd edib.
Ondan Azərbaycanda futbolla bağlı ən vacib sözün nə olduğu da soruşulub. Mikels "tələsməyin" sözünü dedikdən sonra alman dilində "sakit" mənasını verən "ruhig" ifadəsini işlədib.
Daha sonra futbolçu "Borussiya Dortmund"un əsas komandası ilə qarşılaşıb-qarşılaşmadığı barədə danışıb. O, klubun ikinci komandası ilə oynadığını, lakin əsas heyətə qarşı meydana çıxmadığını bildirib.
Mikels vaxtilə digər "Borussiya"da da çıxış etdiyini xatırladıb. Hansı "Borussiya"nın daha güclü olduğu barədə suala isə "Bir dəfə Borussiya, həmişə Borussiya" cavabını verib.
Karyerası ərzində bir sıra klublarda çıxış edən hücumçu "Borussiya"dan başqa, "Borussiya Mönhenqladbax", "Şalke", "Alemanniya Aaxen", "Nordhauzen", "Kayzerslautern", "MVV Maastrixt", "Taba", Səudiyyə Ərəbistanının "Əl-Feysali" komandalarında oynadığını, daha sonra isə yenidən "Sabah"a qayıtdığını söyləyib.
Bütün dövrlərin ən yaxşı "Borussiya Dortmund" futbolçusunun kim olduğu barədə suala Mikels Mark Roysun adını çəkib.
O, bu mövsüm UEFA Çempionlar Liqasının ilk turunda "Mançester Yunayted"in ev stadionu "Old Trafford"da meydana çıxmasının da onun üçün unudulmaz təcrübə olduğunu bildirib. Mikels İngiltərə klubunu böyük futbolçuların çıxış etdiyi möhtəşəm komanda kimi xarakterizə edib. Həmin stadionda meydana çıxmağın, Çempionlar Liqasının himnini dinləməyin onun üçün təsvirolunmaz və möhtəşəm hiss olduğunu vurğulayıb.
Sabahkı "Borussiya Dortmund" - "Sabah" oyunu ilə bağlı proqnozunu bölüşən hücumçu hər iki komanda üçün müsbət nəticə arzulayıb.
Qeyd edək ki, "Sabah" bu gün, oktyabrın 21-də Çempionlar Liqasının əsas mərhələsində Almaniyanın "Borussiya" (Dortmund) futbol komandasını qəbul edəcək. Qarşılaşma Bakı Olimpiya Stadionunda, saat 20:45-də start götürəcək.
View this post on Instagram