Almaniyanın əfsanəvi futbolçusu, 1990-cı ilin dünya çempionu Lotar Matteus Dortmund "Borussiya"sının Çempionlar Liqasında "Sabah"la oyundan sonra Bakı Olimpiya Stadionunun duş otaqlarından istifadə etməkdən imtina etməsinə münasibət bildirib.
İdman.Biz xəbər verir ki, 65 yaşlı ekspert "Bild" nəşrinin "Lothar legt los" proqramında Bakı arenasının infrastrukturu ilə bağlı mənfi qiymətləndirmələrlə razılaşmayıb və Almaniya klubunun qərarının təşkilati məsələlərlə əlaqəli ola biləcəyini ehtimal edib.
Matteus bu yaxınlarda Azərbaycanda olduğunu və gördüyü şəraitdən razı qaldığını bildirib.
"Ümumilikdə hər şey müasirdir. Duşlar da işləyir. Hesab edirəm ki, orada təkcə soyuq su olmayıb. Mənim fikrimcə, hər şey kifayət qədər normal vəziyyətdədir", - deyə Almaniya millisinin sabiq kapitanı bildirib.
Matteusun fikrincə, "Borussiya"nın futbolçuları tamamilə başqa səbəblərə görə otelə qayıtmağa üstünlük vermiş ola bilərlər.

"Ola bilsin, onlar otelə daha tez çatmaq, öz otaqlarında daha tez rahatlıq tapmaq və səliqəyə düşmək istəyiblər. Qarşıda hələ şam yeməyi də var idi, saat fərqini də nəzərə almaq lazımdır", - deyə o ehtimal irəli sürüb.
Almaniyalı ekspert qərarın futbolçuların bərpası və növbəti oyuna hazırlığı üçün maksimum rahat şərait yaratmaq məqsədilə qəbul edilmiş ola biləcəyini də istisna etməyib.
Matteus hətta zarafatla bildirib ki, komanda bu yolla saçını düzəltməyə həddindən artıq çox vaxt sərf edən futbolçunu əlavə 15 dəqiqə gözləmək məcburiyyətindən də yayınmış ola bilər.
Bununla yanaşı, dünya çempionu "Borussiya"nın qərarının özündə qəbahətli heç nə görmədiyini vurğulayıb. Onu təəccübləndirən yalnız klubun bu qərarla bağlı dəqiq izahat verməməsi olub.
"Şəxsən mən Dortmund "Borussiya"sının oyundan sonra stadionda deyil, oteldə duş qəbul etmək qərarında heç bir problem görmürəm. Amma bunu izah etmək olardı. O zaman indi heç bir söz-söhbət də yaranmazdı", - deyə Matteus qeyd edib.
Xatırladaq ki, "Sabah" üzərində 2:1 hesablı qələbədən sonra Almaniya klubunun futbolçuları stadionun duş otaqlarından istifadə etmədən birbaşa avtobusa yollanıblar.
"Borussiya"nın baş məşqçisi Niko Kovaç futbolçulara əvvəlcədən oteldə duş qəbul etməyin tövsiyə olunduğunu bildirib. Klubun idman direktoru Ole Buk isə öz növbəsində oteldəki duş otaqlarının daha cəlbedici olduğunu, stadiondakı müvafiq məkanların isə "o qədər də dəbdəbəli görünmədiyini" söyləyib.
Bu açıqlamalar Almaniya mətbuatında müzakirələrə səbəb olub. Bununla yanaşı, "Sabah"ın futbolçusu Coy-Lens Mikels daha əvvəl Azərbaycan komandasının oyunçularının duş otaqlarından istifadə etdiklərini və heç bir problemlə üzləşmədiklərini bildirib.
Beləliklə, Matteus Bakıdakı oyundan sonra xarici KİV-də geniş işıqlandırılan vəziyyətlə bağlı faktiki olaraq alternativ izah irəli sürüb.