"Azərbaycana gəlişimin xüsusi səbəbi yoxdur. Sadəcə, həm Azərbaycan, həm də "Qarabağ" üçün darıxmışdım. Ona görə də həmişə beynimdə buraya gəlmək var idi".
Bu sözləri "Qarabağ"ın sabiq futbolçusu Riçard Almeyda Azərbaycana səfəri ilə bağlı danışarkən deyib.
Bu ilin avqust ayında ağır zədə alan braziliyalı yarımmüdafiəçi fürsətdən istifadə edərək həm "Qarabağ"a baş çəkmək, həm də klubun fizioterapevtinin nəzarəti altında müalicə almaq üçün ölkəmizə gəldiyini bildirib.
"Eyni zamanda "Zirə"nin qonağı oldum, Rəşad Sadıqovla, digər dostlarımla görüşdüm. Bura qayıtmaq məndə çox böyük emosional hisslər yaratdı. Azərbaycanı özümə vətən kimi qəbul edirəm", - deyə o AZƏRTAC-a açıqlamasında söyləyib.
Almeydanın sözlərinə görə, təkcə özünün deyil, bütün ailəsinin, xüsusilə də qızlarının Azərbaycanla bağlı çoxlu xatirəsi var:
"Onlar burada böyüyüblər və Azərbaycanı hər zaman xatırlayırlar. Ailəmizdə demək olar ki, hər gün Azərbaycan haqqında danışırıq. Buna görə də bura qayıtmaq mənim üçün çox sentimental və xüsusi bir duyğu idi".
O, gələcəkdə "Qarabağ"a yenidən qayıtmaq ehtimalına da münasibət bildirib. Futbolçu hazırda bu məsələ ilə bağlı heç kimlə danışmadığını və hər hansı müzakirənin aparılmadığını qeyd edib.
Riçard Almeyda "Qarabağ"ı öz ailəsi və evi hesab etdiyini vurğulayaraq, klubun ona ehtiyac duyacağı təqdirdə məmnuniyyətlə xidmət göstərməyə hazır olduğunu söyləyib: "Niyə də olmasın? Hər şey mümkündür. Öz ailənə qarşı qapılarını hər zaman açıq saxlamalısan. Nə zaman mənim xidmətimə ehtiyac duyarlarsa, sevə-sevə öz klubumda çalışaram".
Qeyd edək ki, Riçard Almeyda 2025-ci ilin fevralında "Qarabağ"dan ayrılıb və hazırda Braziliyanın "Primavera" klubunun futbolçusudur. 2012-2018, 2019 və 2021-2025-ci illərdə "Qarabağ"da çıxış edtmiş yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində meydana çıxdığı 376 matçda 64 qol vurub.