Azərbaycan Voleybol Federasiyası (AVF), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə avqustun 4-dən 8-nə qədər çimərlik voleybolu üzrə ölkə çempionatı keçiriləcək.
Bu barədə "Report"a AVF-dən bildirilib.
Qadın və kişi komandaları arasında təşkil olunacaq yarışın ilkin mərhələsinin oyunları 4-6 avqustda, final qarşılaşmaları və mükafatlandırma mərasimi isə 8 avqustda baş tutacaq. Çempionatın bütün oyunları Bakı Su İdmanı Sarayında keçiriləcək.
Ölkə çempionatında 16 qadın və 14 kişi komandası olmaqla, ümumilikdə 30 klub mübarizə aparacaq. Çempionatın qalibi 2026-cı ildə keçiriləcək çimərlik voleybolu üzrə CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.