İngiltərə Premyer Liqasının yeni iştirakçısı "Koventri" heyətini gücləndirib.
"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda "Brayton"un qapıçısı Karl Raşuortu transfer edib.
25 yaşlı ingiltərəli qolkiper "Koventri" ilə uzunmüddətli müqavilə imzalayıb. Tərəflər arasında bağlanan sözləşmənin müddəti açıqlanmayıb.
İnsayder Fabritsio Romanonun məlumatına əsasən, "Koventri" Raşuortun keçidi üçün bonuslarla birlikdə 30 milyon funt sterlinq ödəyib. Bu, klub tarixində ən bahalı transfer kimi qeydə alınıb.
Raşuort "Koventri" azarkeşlərinə tanış simadır. O, ötən mövsüm komandanın formasını icarə əsasında geyinib. Qolkiper bütün turnirlərdə 46 oyunda iştirak edib, 45 qol buraxıb və 17 qarşılaşmada qapısını toxunulmaz saxlayıb.