İsveç çempionatında əzəli rəqibə qarşı münasibət qeyri-adi mənzərəyə səbəb olub.
Oxu.Az xəbər verir ki, "Dyurqarden" klubunun azarkeşləri "Sirius"la matçda öz komandalarının penalti zərbəsini dəqiq yerinə yetirə bilməməsinə seviniblər.
Buna səbəb onların əzəli rəqibləri "Hammarbyu"nun çempionluq şanslarına zərbə vurmaq istəyi olub.
Qarşılaşmanın 12-ci dəqiqəsində Kristian Lien penalti zərbəsindən yararlana bilməyib. Qonaq komandanın azarkeşləri bu epizodu qol vurulmuş kimi qeyd ediblər. Onlar daha sonra "Sirius"un Mattias Narti ilə hesabı açmasına da seviniblər.
Matç ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, "Sirius" 61 xalla turnir cədvəlinin zirvəsinə yüksəlib. Bir oyun az keçirən "Hammarbyu"nun 58 xalı var. Komanda qələbə qazanacağı təqdirdə yenidən liderliyə yüksələ bilər.
Qeyd edək ki, "Dyurqarden" və "Hammarbyu" Stokholm şəhərini təmsil edir və İsveç futbolunun ən prinsipial rəqabətlərindən birinə malikdirlər. Maraqlıdır ki, "Dyurqarden"in futbolçuları məğlubiyyətdən sonra azarkeşləri salamlamayıblar. Komandanın qapıçısı Yakob Rinne tribunadakıların öz oyunçularının penalti qaçırmasına sevinməsindən narazılığını bildirib.