İngiltərənin "Çelsi" klubu ABŞ təmsilçisi "Los-Anceles Qelaksi"nin 16 yaşlı yarımmüdafiəçisi Visente Qarsiyanın transferini yekunlaşdırmağa yaxındır.
"Report"un "The Athletic" nəşrinə istinadən məlumatına görə, London klubu bu keçid üçün 3 milyon avro xərcləyəcək.
Tərəflər artıq transferin əsas şərtlərini razılaşdırıblar. Futbolçu 2028-ci ilin yayında, 18 yaşı tamam olanda "Çelsi"yə qoşulacaq.
V.Qarsiya 2025-ci ilin yanvarında, 14 yaş 198 günlüyündə "Los-Anceles Qelaksi" ilə peşəkar müqavilə imzalayıb. Yarımmüdafiəçi ABŞ və Meksika vətəndaşlığına malikdir və artıq hər iki ölkənin gənclər yığmalarına dəvət alıb.
O, cari mövsümdə "Los-Anceles Qelaksi"nin farm-klubu olan "Ventura Kaunti"də çıxış edir. Futbolçu 16 matçda 3 qol vurub, 4 məhsuldar ötürmə verib.