Azərbaycan komandası Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunan Cənubi Qafqaz Vəkillərinin II beynəlxalq futbol turnirinə qatılıb.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, yarışın ilk oyununda Azərbaycan və Türkiyənin vəkillər kollegiyalarının futbol komandaları qarşılaşıb.
Qarşılaşma başlamazdan əvvəl Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib. Hər iki komandanın üzvləri meydanda bir araya gələrək dövlət himnlərini birgə dinləyiblər. Ardınca qarşılaşmaya start verilib.
Tbilisidəki Nutsubidze Plato Futbol Mərkəzində reallaşan qarşılaşma Azərbaycan komandasının məğlubiyyəti ilə bitib - 3:4.
Noyabrın 7-də başa çatacaq turnirdə Azərbaycan, Türkiyə, Gürcüstan və Özbəkistanın vəkillər komandaları iştirak edir.
Turnirin ilk günündə həmçinin Gürcüstan və Özbəkistan komandaları üz-üzə gələcək.
Gürcüstan Vəkillər Kollegiyasının təşkil etdiyi yarışın əsas məqsədi müxtəlif ölkələrin vəkilləri arasında dostluq və peşəkar əlaqələrin möhkəmləndirilməsi, yeni peşəkar əlaqələrin qurulması və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsidir.
Qeyd edək ki, turnir ilk dəfə Gürcüstanda keçirilir. Yarış 2019-cu ildə Bakıda keçirilmiş Cənubi Qafqaz Vəkillərinin beynəlxalq futbol turnirinin davamı hesab olunur. Gürcüstan Vəkillər Kollegiyası hazırkı yarışı rəsmi olaraq Cənubi Qafqaz Vəkillərinin II beynəlxalq futbol turniri kimi təqdim edir.
Turnir Gürcüstanda hər il 8 noyabrda qeyd olunan Vəkil Peşəsi Gününə həsr edilib. Yarışın finalı və üçüncü yer uğrunda oyun noyabrın 7-də keçiriləcək.