"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov Misli Premyer Liqasının doqquzuncu turunda "Qəbələ"yə 1:2 hesabı ilə məğlub olduqları oyunu şərh edib.
İdman.Biz xəbər verir ki, ukraynalı mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının əsas probleminin qol imkanlarından yararlana bilməməsi və müdafiədə kobud səhvlərə yol verməsi olduğunu bildirib.
"Qolları rəqibə hədiyyə edirik, özümüz isə çətinliklə qol vururuq. Əsas problemimiz budur. Futbolçular çalışırlar, əllərindən gələni edirlər, lakin səhvlərə yol veririk. Ustalıq səviyyəmiz çatmır", - deyə Maksimov vurğulayıb.
Baş məşqçi vəziyyətdən çıxış yolları və komandada mümkün dəyişikliklərlə bağlı da fikirlərini bölüşüb:
"Bu barədə burada danışmaq istəmirəm. Problemlərimizi başa düşürük. Hazırkı vəziyyətdə nəyisə dəyişmək çətindir".
Maksimov bəzi futbolçuların öz mövqelərində çıxış etməməsinin səbəbini heyətdəki itkilərlə əlaqələndirib:
"Heyətdə itkilərimiz var. Zədəli və cəzalı futbolçularımız olduğuna görə oyunçuların yerlərini dəyişmək məcburiyyətində qalırıq".
Mütəxəssis yaxın gələcəkdə mümkün transferlərə də münasibət bildirib:
"Hazırda heç nə edə bilmərik. Hər şeyi yaxşı başa düşürəm. Əlimizdə olan futbolçularla işləyəcəyik".
Özündən əvvəl formalaşdırılmış heyətdən nə dərəcədə razı qalması ilə bağlı danışan Maksimov səhvlərin təkrarlanmasından narazılığını gizlətməyib:
"Oynamağa davam edəcəyik. Görək necə olacaq. Sadəcə, belə səhvlərə yol vermək olmaz. Hər oyunda asan qollar buraxırıq".