"Qəbələ"nin baş məşqçisi Yeton Bekiri Misli Premyer Liqasının doqquzuncu turunda "Araz-Naxçıvan" üzərində qazandıqları 2:1 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis qarşılaşmanın hər iki komanda üçün çətin keçdiyini və qələbələrini davam etdirməli olduqlarını bildirib.
"Bu gün hər iki komanda üçün çətin oyun oldu. Qələbə qazanmaq vacib idi və buna nail olduq. Amma bununla kifayətlənməməliyik. Qarşıdakı matçlarda da üç xal qazanmalıyıq. Zaman keçdikcə daha yaxşı olacağıq. İlk qolu biz vurduq, lakin rəqib hesabı bərabərləşdirdi. "Araz-Naxçıvan"ın keyfiyyətli futbolçuları var. Bəzi məqamlarda bizi müdafiəyə çəkilməyə məcbur etdilər. Oyunumuzun müəyyən hissələrindən razı qalsam da, narazı qaldığım məqamlar da oldu. Səhvlərimizi aradan qaldırmalıyıq", - deyə Bekiri bildirib.
Baş məşqçi komandanın potensialından da danışıb. O, bəzi futbolçuların heyətə gec qoşulduğunu və optimal formaya düşmək üçün zamana ehtiyac duyduqlarını vurğulayıb:
"Bu heyəti mən formalaşdırmamışam, amma yaxşı komandamız var. Oyun üslubumuzu dəyişmişik. Futbolçuların meydanda onlardan nə istədiyimi tam anlamaları üçün vaxt lazımdır. Potensialımız kifayət qədərdir. Əla infrastrukturumuz və yaxşı iş mühitimiz var. Bu da məni daha həvəslə çalışmağa sövq edir".
Bekiri növbəti turda qarşılaşacaqları "Qarabağ" haqqında da fikirlərini bölüşüb:
"Azərbaycan xoşuma gəlir, burada güclü çempionat var. Bir çox yaxşı komanda çıxış edir. "Şkendiya"da işlədiyim vaxt "Qarabağ"la qarşılaşmışam. Öz meydanımızda yaxşı oynasaq da, Bakıda rəqib daha üstün idi. Qurban Qurbanov güclü məşqçidir. Həm ondan, həm də "Qarabağ"dan öyrənəcəyimiz çox şey var".