"Paris" klubunun prezidenti Antuan Arno ilə PSJ-nin rəhbəri Nasser Əl Xəlaifi arasında münasibətlərin son aylarda pisləşdiyi bildirilir.
İdman.Biz xəbər verir ki, ötən mövsümün sonundan etibarən iki rəhbər arasında Fransa futbolunun idarəçiliyində nəzərdə tutulan islahatlarla bağlı fikir ayrılıqları yaranıb.
Bazar ertəsi rəsmən "Paris"in prezidenti təyin olunan Arno Əl Xəlaifi və Fransa Peşəkar Futbol Liqasının rəhbəri Vensan Labrünün dəstəklədiyi mövqedən fərqli yanaşmanı müdafiə etmək istəyir. O, klubunun maraqlarını çatdırmaq üçün Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo ilə birbaşa əlaqə saxlayıb.
Arno ailəsinin iki il əvvəl kluba nəzarəti ələ almasından sonra idarəçilikdə fəallığını artıran Antuan Fransa futboluna təsir edən mühüm qərarlarda daha çox söz sahibi olmağa çalışır. O, Mişel Denizo ilə futbolun idarəedici qurumlarının təşkili və televiziya yayım hüquqları məsələlərini müzakirə edir.
Arnonun bəzi nüfuzlu futbol xadimlərindən məsləhət almağa əvvəlki qədər meyilli olmadığı da bildirilir. Buna onun, xüsusilə Antuan Kombuarenin təyinatı ilə bağlı yersiz hesab etdiyi tənqidlərdən narazı qalması səbəb olub.