Hazırda azad agent statusu daşıyan "Qalatasaray"ın keçmiş hücumçusu Mauro İkardiyə qarşı cinayət işi açılıb. Sport24.az xəbər verir ki, buna səbəb onun 11 yaşlı qızı və keçmiş həyat yoldaşı Vanda Nara ilə bağlı baş verən insidentdir.
Vanda Nara polisə bildirib ki, İkardi qızlarını danlayıb və onu otağa kilidləyib. Qız "WhatsApp" vasitəsilə anası ilə əlaqə saxlayaraq, atasının ona vurduğunu və qorxduğunu deyib. Uşaq sonradan evdən təkbaşına çıxa bilib və hazırda anasının yanındadır. Cütlüyün 10 yaşlı digər qızı da Vanda ilə birlikdə gedib.
Çağırış əsasında hadisə yerinə polis və təcili tibbi yardım briqadası gəlib. İkardi evdə qalıb və hüquq-mühafizə orqanlarının əməkdaşları ilə danışmaqdan imtina edib.
Prokuror Xulio Petruççi Vanda Naranın dindirilməsi, qızın məhkəmə-tibbi ekspertizasının keçirilməsi və futbolçuya işlə bağlı məlumat verilməsi barədə göstəriş verib. Hələlik nə İkardi, nə də Vanda baş verənlərlə bağlı açıqlama verib.