top
Anar Allahverdiyev: Əgər qalib gəlmək şansı varsa, bu, Məmmədyarova məxsusdur Idman.biz
01 noyabr 2025, 14:39
- ↺ +

Anar Allahverdiyev: Əgər qalib gəlmək şansı varsa, bu, Məmmədyarova məxsusdur

Hindistanda şahmat üzrə Dünya Kuboku start götürüb. Turnirdə Azərbaycanı altı şahmatçı təmsil edəcək. 1/64 final mərhələsində (1-3 noyabr) Aydın Süleymanlı Tailand təmsilçisi Prin Laoxavirapapla, Əhməd Əhmədzadə hindistanlı qrossmeyster Surya Şexar Qanquli ilə, Nicat Abasov özbəkistanlı Məhəmmədzohid Suyarovla, Riad Səmədov isə italiyalı Lorentso Lodici ilə qarşılaşacaq.

1/32 final mərhələsindən (4-6 noyabr) isə mübarizəyə Şəhriyar Məmmədyarov və Rauf Məmmədov da qoşulacaqlar. Onlar müvafiq olaraq Şon Rodriq-Lemye (Kanada) - Gerqeli Kantor (Macarıstan) və Rasmus Svane (Almaniya) - Fakundo Vaskes (Uruqvay) cütlərinin qalibləri ilə üz-üzə gələcəklər.

İdman.Biz Azərbaycan şahmatçılarının bu turnirdəki perspektivləri barədə tanınmış şahmat məşqçisi Anar Allahverdiyevlə həmsöhbət olub.

- Şahmatçılarımızın Dünya Kubokundakı şanslarını necə qiymətləndirirsiniz?

- Əvvəlcə onu qeyd edim ki, bu, çox gərgin turnirdir: burada ən güclülərdən ən güclüləri iştirak edir. İki oyundan ibarət "pley-off" sistemi Dünya Kubokunu xüsusilə proqnozlaşdırılmaz edir və onu digər yarışlardan fərqləndirir. Format həqiqətən çətindir - əvvəlcə iki klassik görüş, sonra isə zərurət yaranarsa rapid və blits partiyalar keçirilir. Bütün bunlar oyunçulardan çoxşaxəli bacarıq və bütün şahmat növlərində yüksək səviyyə tələb edir.

Proqnoz vermək çətindir, lakin düşünürəm ki, şahmatçılarımız bu yarışda da ləyaqətlə çıxış edəcəklər - son dövrlərdəki böyük turnirlərdə olduğu kimi. Bu il bizi, səhv etmirəmsə, altı iştirakçı təmsil edir. Onların arasında gənc şahmatçılar da var - təbii ki, onlara bir qədər çətin olacaq. Amma məsələn, Süleymanlı artıq Dünya Kubokunda iştirak edib və müəyyən təcrübəyə malikdir. Məmmədyarov və Məmmədov kimi oyunçular isə artıq illərdir bu səviyyədə çıxış edən tanınmış ustalardır. Əlbəttə, onların təcrübəsi öz sözünü deyəcək.

İdmançılarımızın Dünya Kubokunu qazanıb-qazanmayacağını demək çətindir. Əgər kimsənin qələbə şansı varsa, bu, Məmmədyarovdur. Turnir ciddi mükafat fondu ilə fərqlənir. Buna görə də "uğurlu çıxış" anlayışı burada geniş mənada başa düşülür - həm yaxşı gəlir əldə etmək, həm də şəxsi reytinqi artırmaq mümkündür.

- Gənc şahmatçılarımızın hazırkı formasını necə qiymətləndirirsiniz?

- Bizdə çox perspektivli bir nəsil yetişir. Aydın Süleymanlı və Məhəmməd Muradlı artıq yığmanın heyətində yer alırlar - bu da göstərir ki, gənc oyunçular tədricən ən güclülər arasında öz yerini tutur. Əhməd Əhmədzadə də çox istedadlı şahmatçıdır, cəmi 20 yaşı var, amma potensialı böyükdür. Abdulla Qədimbəyli - gənclər arasında dünya çempionudur, bu fakt özü onun səviyyəsinin yüksək olduğunu göstərir. Həmçinin Xaqan və bir neçə başqa gənc oyunçu da yetişir ki, onlar gələcəkdə güclü qrossmeysterlərə çevrilə və Azərbaycanı beynəlxalq arenada ləyaqətlə təmsil edə bilərlər.

Ümumilikdə vəziyyət yaxşıdır: bizdə davamlılıq var, ənənələri davam etdirənlər yetişir. Əlbəttə, elit səviyyəli şahmatçılar hər gün doğulmur - burada istedadın da böyük rolu var. Məsələn, futbolda olduğu kimi: Argentinada milyonlarla futbolçu var, amma Maradona və ya Messi kimi oyunçular tək-tükdür.

Azərbaycan Şahmat Federasiyası çox düşünülmüş və ardıcıl siyasət aparır. Gənc şahmatçılar inkişaf üçün geniş imkanlar qazanırlar, mütəmadi olaraq təlim-məşq toplanışları, seminarlar keçirilir, dünya səviyyəli mütəxəssislər dəvət olunur. Aydın strateji planlaşdırma mövcuddur və ölkədə şahmatın inkişafı istiqamətində işlər yüksək səviyyədə aparılır.

- Gənc şahmatçılarımız üçün bu il asan keçməyib: Aydın Süleymanlının reytinqi ilin əvvəlindən bir qədər aşağı düşüb, Məhəmməd Muradlı isə "Grand Swiss" turnirində uğursuz çıxış edib. Sizcə, bu nəyin nəticəsidir?

- Mən deməzdim ki, onların ili uğursuz olub. Əksinə, hər birinin ciddi nailiyyətləri var. Aydın Süleymanlı milli komandanın heyətində çıxış edib və ləyaqətli nəticə göstərib - komanda Avropa çempionatında ikinci yeri tutdu. O, həmçinin Niderlandın Veyk-an-Zee şəhərində keçirilən "Tata Steel Chess" turnirinin "B" qrupunda birinci-ikinci yerləri bölüşdü. Cüzi fərqlə əsas turnirə vəsiqə qazana bilmədi. Məhəmməd Muradlıya gəldikdə isə, o, bu il hərbi xidmətdə olub. Şahmatla bunu eyni vaxtda aparmaq olduqca çətindir, amma buna baxmayaraq, o, yenə də yığma komandanın heyətinə düşə bildi.

- Yenidən Dünya Kubokuna qayıdaq. Sizcə, bu turnirin favoritləri kimlərdir?

- Favoritlər arasında, şübhəsiz ki, Hindistan və ABŞ şahmatçılarını qeyd etmək olar. Hindistan təmsilçiləri ənənəvi olaraq çox güclüdürlər - Rameşbabu Praqnanandxa, hazırkı dünya çempionu Qukeş Dommaraju, Arjun Eriqaisi. Nihal Sarin də çox sabit oyun nümayiş etdirir. ABŞ-li qrossmeyster arasında isə əsas favoritlər Hikaru Nakamura, Fabiano Karuana və Uesli Sodur. Onların hər biri əla formada və böyük təcrübəyə malikdir. Ola bilər ki, gənc oyunçular da özlərini göstərə bilsinlər. Məsələn, son zamanlar almaniyalı Vinsent Keymer çox yaxşı çıxış edir. Güclü iddiaçılar arasında fransalı, İranəsilli şahmatçı Alireza Firuzca da var - o, davamlı olaraq yüksək səviyyədə çıxış edir.

- Elə fikirlər səslənir ki, Azərbaycan hələlik Hindistan və ABŞ kimi şahmat gücləri ilə rəqabət apara bilmir. Sizcə, ölkəmiz nə vaxt bu dövlətlərlə bərabər səviyyədə mübarizə apara biləcək?

- Bu fikir müəyyən dərəcədə obyektivdir. Biz başa düşməliyik ki, Azərbaycan kiçik ölkədir. Yüz milyonlarla, hətta milyardlarla əhalisi olan dövlətlərlə rəqabət aparmaq asan deyil. Təbii ki, bu, inkişaf üçün imkanların ölçüsünə də təsir edir.

Bununla belə, miqyas fərqinə baxmayaraq, biz artıq onlarla uğurla rəqabət aparırıq – həm fərdi qarşılaşmalarda, həm də komanda yarışlarında. Bəli, ola bilsin, hazırda Hindistan və ABŞ oyunçularının ümumi sayı və sabitliyi baxımından daha güclüdürlər. Amma ölkəmizin ölçüsünü nəzərə alsaq, azərbaycanlı şahmatçıların səviyyəsi həqiqətən yüksəkdir. Oxşar əhali sayına malik bir çox ölkə belə nəticələrlə öyünə bilmir.

Bundan əlavə, Hindistan və ABŞ-da hazırda şahmata çox böyük diqqət yetirilir: oraya böyük maliyyə resursları yönəldilir. Bu ölkələrdə şahmat artıq həqiqi mənada populyar idman növünə çevrilib. Yadda saxlamaq lazımdır ki, 30–40 il əvvəl Hindistanda faktiki olaraq yalnız bir tanınmış şahmatçı - Vişvanatan Anand var idi. İndi isə orada onlarla dünya səviyyəli qrossmeyster yetişib. Bu, uzunmüddətli dövlət siyasətinin və ciddi investisiyaların nəticəsidir. Odur ki, bəli, bizim üçün asan deyil - "çəki dərəcələrimiz" fərqlidir. Amma bütün bunlara baxmayaraq, biz mübarizə aparırıq və inkişaf edirik.

Leyla Eminova

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:20

Neymar 6 oyunda diskvalifikasiya və 100 min real cəriməyə məruz qala bilər

Basketbol
Bu gün, 09:14

"Neftçi" FIBA Avropa Kubokunun IV turunda Oradya ilə qarşılaşacaq

Futbol
Bu gün, 09:00

Azərbaycan Kuboku II mərhələsində bu gün 5 qarşılaşma baş tutacaq

Futbol
Bu gün, 08:40

Atletiko şikayət etdi, RFEF Barcelona klubuna 602 avro cərimə verdi

Futbol
Bu gün, 08:20

Çelsi, 20 milyon avro ödədiyi Paes'i satmaq və ya icarəyə vermək istəyir

Futbol
Bu gün, 08:04

Liverpul Manchester Unitedın hədəfi olan Everton müdafiəçisinə 96 milyon avro dəyərində maraq göstərir

Futbol
Bu gün, 08:00

Espanyol baş məşqçisinin vəzifəsindən azad edilməsi

Futbol
Bu gün, 07:12

Türk dövlətlərindən futbolçulara yerli status: Azərbaycanlı futbolçular üçün yeni imkanlar

Futbol
Bu gün, 06:15

Rothen: “Mbappenin təbliğat kampaniyası olmasaydı, “Qızıl top”da ikinci olmazdı”

Güləş
Bu gün, 06:14

Nurəddin Rəcəbov: Azərbaycan güləşçiləri daha yüksək nəticə və əlavə medallar əldə edə bilərdilər;

Güləş
Bu gün, 05:28

Sənan Süleymanov: Qızıl medal qazanıb dünya çempionu oldum

Futbol
Bu gün, 05:11

Harri Keyn Qızıl Top mükafatını aldığını və arzularını aşdığını bəyan etdi

Futbol
Bu gün, 04:17

Lamin Yamalın atası Barcelona hava limanında qadına tüpürüb, stul atdı

Futbol
Bu gün, 03:21

Rəşad Sadıqov: Komandanın çətin vəziyyəti gizlənə bilməz

Futbol
Bu gün, 03:08

Arsenal İngiltərə Liqa Kubokunun 1/8 finalında Flitvud'a məğlub oldu;

Futbol
Bu gün, 02:41

Futbolçu iki sarı vərəqə almasına baxmayaraq meydandan çıxmadı

Futbol
Bu gün, 02:21

“Arsenal” dördüncü liqa “Flintwood Town” qarşısında penaltilərdə məğlub olaraq İngiltərə Liqa Kubokundan çıxdı – oyun zamanı naməlum uçan obyektlə dayandırıldı

Futbol
Bu gün, 01:31

Rodri: Real Madrid bizdən güclüdür, bunu qəbul etməliyik

Basketbol
Bu gün, 00:55

Nanter 92 baş məşqçisi oyunu məğlubiyyətinin səbəblərini izlədi

Qarabağ FK
Bu gün, 00:40

Abbas Hüseynova təşəkkür, gələcək karyerasında uğurlar arzulayırıq

Futbol
Bu gün, 00:29

Qranit Caka və Brel Embolo yenidən İsveçrə milli komandasında iştirak edəcək

Voleybol
Dünən, 23:58

DH Volley klubu CEV Çelenc Kubokunun 1/32 final mərhələsində ilk oyununu 3:1 hesablı qələbə ilə bağladı

Futbol
Dünən, 23:49

«Лацио» – «Сассуоло» 6:2

Futbol
Dünən, 23:47

Cəlal Hüseynovun komandası Rumıniya Kubokunda 6:0 hesabı ilə qalib gəldi

Oxşar xəbərlər