Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov illərdir arzuladığı məqsədinə çatmağın sevincini yaşadığını bildirib.
İdman.Biz xəbər verir ki, 77 kq çəki dərəcəsində dünya çempionu olan idmançı final görüşündən sonra jurnalistlərə açıqlamasında bu uğurun uzun illərin zəhməti hesabına qazanıldığını vurğulayıb.
"Dünya çempionluğu çoxdankı arzum idi. İndi yaşadığım hissləri sözlə ifadə etmək çətindir. Hədsiz sevincliyəm. Çünki bu qələbənin arxasında illərlə çəkdiyim, çoxlarının görmədiyi böyük zəhmət dayanır", - deyə Süleymanov bildirib.

Güləşçi karyerası ərzində qarşılaşdığı məğlubiyyətlərin onu hədəflərindən uzaqlaşdırmadığını söyləyib. O, hətta yaxşı fiziki formada olduğu yarışlarda da uğursuz nəticələrlə üzləşdiyini xatırladıb.
"Dəfələrlə yarışlara yaxşı hazırlaşaraq getmişəm, amma məğlub olmuşam. Buna baxmayaraq, heç vaxt ruhdan düşməmişəm. İlk arzum Avropa çempionluğu idi və bunu bacardım. Sonra dünya çempionluğunu qarşıma məqsəd qoydum. Bu yolda da çox çətinlik yaşadım. Şükür Allaha, nəhayət, istəyimə çatdım", - deyə idmançı əlavə edib.
Süleymanov dünya çempionu olacağına hələ bir ay əvvəl inandığını da açıqlayıb. Onun sözlərinə görə, bu inamını telefonunda yazdığı qeydlə də ifadə edib.
"Bir ay əvvəl telefonumda qeyd etmişdim ki, oktyabrın 25-də dünya çempionu olacağam. Daxilimdə buna böyük inam var idi. Bu gün yazdığım gerçəyə çevrildi", - deyə güləşçi vurğulayıb.
Qazandığı qızıl medalı həyatının ən dəyərli hədiyyələrindən biri hesab edən Süleymanov artıq növbəti böyük məqsədini də müəyyənləşdirib.
"Qarşıda mənim üçün bir əsas hədəf qalıb - Olimpiya çempionu olmaq. İnanıram ki, buna da nail olacağam", - deyə o bildirib.
Xatırladaq ki, Sənan Süleymanov dünya çempionatının 77 kq çəki dərəcəsində keçirilən final görüşündə Moldova təmsilçisi Aleksandrin Qutunu 8:3 hesabı ilə məğlub edərək qızıl medal qazanıb.