Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında beşinci dəfə dünya çempionu olan Eldəniz Əzizli (55 kq) öz təəssüratlarını bölüşüb.
"Report" xəbər verir ki, beşqat dünya çempionu qalib gəlməyi hamıdan çox istədiyini bildirib.
"Artıq 28-ci ildir ki, güləş karyeramı davam etdirirəm. Yyarımfinal və final görüşündə güləşdiyim gürcü və İran idmançısı dünyaya gələndə mən artıq Avropa çempionu olmuşdum, yəni onların yaşı qədər təcrübəm var. Düşünürəm ki, burada hamıdan çox mən istəyirdim ki, bu il də dünya çempionu olum.
Keçən il üçüncü yerə çıxsam da, bu, ürəyim istəyən bir nəticə deyildi. Ona görə bir il ərzində gecə-gündüz çalışdıq, vuruşduq, istədik və Allah istədiyimizi bizə verdi, 35 yaşımda artıq beşinci dəfə dünya çempionu oldum", - o deyib.
Mükafatlandırma mərasimində Azərbaycanın Dövlət himni səslənən zaman gözyaşına hakim ola bilməyən E. Əzizli həmin an keçirdiyi hisslərdən danışıb:
"Bütün karyeram gözümün önündən keçdi. Beyləqandan gəlməyim, Bakıda məşq etməyim, o çətinliklər və birinci, ikinci, üçüncü yerə çıxmağım. Sonunda beşinci dəfə dünya çempionu olmaq".